İstanbul diplomatik masa arxasında: İki rəqib ölkənin görüş yeri niyə Türkiyə seçildi?
ABŞ və Rusiya arasında diplomatik əlaqələrlə bağlı yeni bir görüş planlaşdırılıb. Aprelin 10-da İstanbulda hər iki ölkənin nümayəndə heyətləri arasında məsləhətləşmələr keçiriləcək. Bildirilib ki, görüşdə əsas diqqət diplomatik nümayəndəliklərin fəaliyyətinə yönələcək. Amma siyasi, təhlükəsizlik, eləcə də Ukrayna ilə bağlı məsələlər müzakirə olunmayacaq. Maraqlıdır ki, ABŞ və Rusiya arasında belə məsləhətləşmələrin İstanbulda baş tutmasının əhəmiyyəti nədən ibarətdir? Bu görüşdə Ukrayna məsələsinin gündəmdə olmaması nə ilə izah oluna bilər?
Bununla bağlı politoloq Turab Rzayev Patrulaz.az-a öz fikirlərini bölüşdü:
“ABŞ ilə Rusiya arasında iqtisadi-siyasi münasibətlər kifayət qədər zərbə alıb. Rusiya-Ukrayna müharibəsindən sonra siyasi diplomatik münasibətlərdə də səngimələr var. Hətta, qarşılıqlı olaraq ABŞ və Rusiya bir neçə diplomatik səfirlik işçilərini, diplomatik nümayəndələrini ölkədən çıxarmışdı. Bütün bu prosesdə münasibətlər ciddi zədə almışdır. Düşünürəm ki, hansısa şəkildə yenidən dialoq qurmağa cəhd edirlər. Düzdür, rəsmilər Ukrayna məsələsi barədə görüşüblər. Ancaq hələ də ölkələr arasında daimi diplomatik məlumat mübadiləsi kanalı formalaşmayıb. Bir çox məsələlər də sözügedən ölkələrin birbaşa təmasa ehtiyacı var. Ona görə də bu günlərdə iki ölkənin görüş keçirməsi normal bir faktdır. Vaxtıykən Səudiyyə Ərəbistanında keçirilən görüş Ukrayna məsələsinə həsr olunmuşdu. İndi isə ABŞ və Rusiya təkcə Ukrayna məsələsini deyil, ümumiyyətlə dünyada baş verən bütün prosesləri, o cümlədən iki ölkə arasında münasibətlərin axınını müzakirə etmək üçün məsləhətləşmələrə ehtiyac duyurlar. Görüş yeri də ortaq mövqe tutan dövlət kimi Türkiyənin İstanbul şəhəri seçilib. Çünki bir tərəfdən Türkiyə faktiki olaraq NATO-nun üzvü olsa da, eyni zamanda Rusiyaya qarşı sanksiyalara qoşulub və müstəqil siyasət yeridir. Digər tərəfdən Prezident Ərdoğanın Tramp və Putinlə yaxşı münasibətləri var. Türkiyənin artan geosiyasi rolu artıq dünya ölkələrini məcbur edir ki, onun bəzi regional və qlobal məsələlərdəki mövqeyi barədə razılaşsınlar. Türkiyə uzunmüddətlə həm Ukrayna müharibəsində başsız performans alıb. Xatırladım ki, hətta İstanbul sammitində Türkiyə Ukrayna tərəfini atəşkəslə bağlı razılaşmaya məcbur etmişdi. Daha sonra Ukrayna Biritaniyanın təhriki ilə bundan imtina etdi. İndi də İstanbul neytral mövqeyini saxlayaraq sülhün əldə olunmasına çalışır. Böyük ehtimalla, bu görüşdə yenə də Ukrayna məsələsinə toxunulacaqlar”.
Gülbəniz Səfərova