İtaliyada dəhşətli qəza: Kanat kabinəsi yerə çırpıldı
İtaliyanın cənubundakı Neapol şəhərinin Castellammare di Stabia qəsəbəsində kanat kabinəsinin aşması nəticəsində 4 nəfərin həyatını itirdiyi açıqlanıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Castellammare di Stabia ilə Faito dağının zirvəsini birləşdirən kanat yolunda nasazlıq yaranıb. Kanatda qapalı qalanların xilas edilməsi üçün işlər aparılarkən dağın yuxarısında olan kabinə ilə xəttin əlaqəsinin kəsildiyi barədə məlumat daxil olub.
Qəzaya kanat vaqonunun yedək kabelinin qırılmasının səbəb olduğu bildirilib.
Bildirilib ki, Faito dağının zirvəsi yaxınlığında yerləşən kabin qəzaya uğrayıb və axtarış-xilasetmə qrupları çətin hava və relyef şəraitində kabinədəkilərə çatmaq üçün işlərə başlayıb.
İtaliyanın ANSA agentliyi xilasetmə qruplarına istinadən xəbər verir ki, yıxılan zaman kabinədə beş nəfər olub, onlardan dördü ölüb, bir nəfər isə ağır yaralanıb. Yaralının təcili tibbi yardım helikopteri ilə xəstəxanaya aparıldığı bildirilib.