İtaliyada iki tələbə qızın qətli ölkəni ayağa qaldırdı
İtaliyada iki gənc qız tələbənin ard-arda öldürülməsi ölkədə geniş etirazlara səbəb olaraq “mədəni üsyan” çağırışlarını gündəmə gətirib.
Patrulaz.az “The Guardian”a istinadən xəbər verir ki, ilk qurban 22 yaşlı biotibb tələbəsi Sara Campanella bazar ertəsi Siciliyanın Messina şəhərində avtobus dayanacağında bıçaqlanıb. Onun xəstəxanaya aparılarkən öldüyü bildirilir. Hadisədən sonra Messina Universitetinin tələbəsi, 27 yaşlı Stefano Argentino Noto şəhərində həbs olunub. Onun vəkili Raffaele Leone bildirib ki, Argentino qətli etiraf edib.
Digər qətl hadisəsində Roma Sapienza Universitetinin 22 yaşlı statistika tələbəsi Ilaria Sula çərşənbə günü səhər İtaliyanın paytaxtı yaxınlığında meşəlik ərazidə çamadanda tapılıb. Onun bıçaqlanaraq öldürüldüyü güman edilir. Sula martın 23-dən itkin düşmüşdü. Onun keçmiş sevgilisi 23 yaşlı Mark Samson qətldə və cəsədin gizlədilməsində şübhəli bilinərək polis tərəfindən saxlanılıb.
Sapienza Universitetinin rektoru Antonella Polimeni Sulanın ölümünü “vəhşi və qəddar qadın qətli” adlandırıb: “Artıq dayanıb qadın cinayətlərinə baxmamalıyıq”.
Messina Universitetində Campanellanın xatirəsinə bir dəqiqəlik sükut elan edilib. Universitetin rektoru Giovanna Spatari isə bildirib ki, tələbələr qadın qətllərinin artmasından dərin məyusluq hissi keçirirlər.
Xatırladaq ki, 2024-cü ildə İtaliyada 113 qadın qətlə yetirilib, onların 99-u tərəfdaşlar və ya keçmiş sevgililəri tərəfindən öldürülüb.
Qeyd edək ki, İtaliya hökuməti mart ayında qadın qətllərinə görə cəzaları sərtləşdirən qanun layihəsini qəbul edib. Qanunda ilk dəfə olaraq “qadın qətli” hüquqi termin kimi tanınıb və bu cinayətə görə ömürlük həbs cəzası nəzərdə tutulub. Bu qanun 2023-cü ilin noyabrında keçmiş sevgilisi tərəfindən öldürülən Giulia Cecchettinin qətlindən sonra qəbul edilib. Cinayəti törədən Filippo Turetta dekabr ayında ömürlük həbs cəzasına məhkum edilib.
Gülbəniz Səfərova