Kahramanmaraşda məktəbliləri güllələyən 8-ci sinif şagirdi dostunu da təhdid edibmiş - ŞOK DETALLAR
Türkiyənin Kahramanmaraş vilayətindəki Ayser Çalık Orta Məktəbində baş verən silahlı hücumla bağlı sarsıdıcı faktlar üzə çıxıb.
Patrul.az xəbər verir ki, 14 yaşlı İsa Aras Mersinlinin törətdiyi qanlı hadisə nəticəsində həyatını itirən 9 nəfərin – 1 müəllim və 8 şagirdin kimliyi məlum olub.
Özünü fəda edən müəllimə və azyaşlı qurbanlar

Hücumda 56 yaşlı riyaziyyat müəlliməsi Ayla Kara qəhrəmancasına həlak olub. Şahidlərin sözlərinə görə, o, şagirdlərini güllələrdən qorumaq üçün öz bədənini onlara sipər edib. Faciənin digər qurbanları isə azyaşlı şagirdlərdir: Mustafa Aslan, Şuranur Sevgi Kazıcı, Zeynep Kılınç, Furkan Sancak Balal (11 yaş), Bayram Nəbi Şişik (10 yaş), Belinay Nur Poyraz (10 yaş), Adnan Göktürk və Kərdem Yeşilem (11 yaş).
Hazırda 5 fərqli xəstəxanada 9 yaralının müalicəsi davam edir, onlardan 6-sının vəziyyəti ağırdır. Daha 11 nəfər isə ilkin yardımdan sonra evə buraxılıb.
Hücumun detalları: 5 tapança və 7 daraq

İstintaq zamanı məlum olub ki, 8-ci sinif şagirdi olan İsa Aras məktəbə atasına məxsus 5 tapança və 7 dolu daraqla gəlib. O, birbaşa 5-ci sinif şagirdlərinin dərsimdə olduğu otağa girərək xaotik atəş açıb. Kameralara düşən görüntülərdə yeniyetmənin hücumdan əvvəl qeyri-adi və narahat davranışlar sərgilədiyi görünür. Sinif yoldaşlarından biri qatilin hadisədən əvvəl dostlarından birini “Səni öldürəcəyəm” deyərək hədələdiyini bildirib.
Ailə üzvləri nəzarətə alınıb

Hadisədən dərhal sonra cinayətkarın atası, keçmiş polis müfəttişi Uğur Mersinli həbs edilib, müəllimə olan anası Peyman Pınar Mersinli isə nəzarətə götürülüb. Hüquq-mühafizə orqanları hadisənin hər hansı terror qruplaşması ilə əlaqəsinin olmadığını, hücumun fərdi zəmində törədildiyini vurğulayır.






