Kəlbəcər: Tarixi irsindən müasir inkişaf modelinə doğru
“Azərbaycanın ən nadir təbiət, tarix və strateji əhəmiyyət daşıyan bölgələrindən biri olan Kəlbəcər 25 noyabr tarixində xüsusi rəğbətlə anılır. İşğaldan azad edildikdən sonra bərpa və yenidənqurma prosesləri müasir inkişaf konsepsiyası əsasında həyata keçirilən Kəlbəcər bu gün həm tarixi irsin qorunması, həm də yeni şəhər quruculuğunun nümunəvi modelinə çevrilir”.
Bu sözləri Patrul.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva 25 Noyabr – Kəlbəcər Şəhəri Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
Deputat bildirib ki, Kəlbəcər qədim tarixi irsi və strateji mövqeyi ilə Azərbaycanın ən önəmli bölgələrindən biridir:
“‘Kəlbəcər’ toponimi qədim türk dilində ‘çay üstündə qala’ mənasını daşıyır. Bu bölgə minilliklərlə yaşı olan arxeoloji tapıntıları ilə Azərbaycan tarixinin ən qədim mərhələlərindən xəbər verir. Ərazidə 30 min ildən artıq qədimliyə malik yaşayış məskənləri, 6 min illik qaya təsvirləri, qədim türk əlifbası nümunələri, müxtəlif dövrlərə aid dini-mədəni daş abidələr aşkar edilib.
Bu faktlar Kəlbəcərin Şimali Azərbaycanda erkən türklüyün, atəşpərəstliyin, xristianlığın və islamın yayılma tarixində mühüm rol oynadığını təsdiqləyir. Azərbaycanın ən yüksək dağ rayonlarından biri olan Kəlbəcər Camışdağ (3724 m) və Dəlidağ (3616 m) kimi zirvələri ilə seçilir. Ərazinin böyük hissəsinin meşəlik olması, su ehtiyatları və sərt relyefi həm təbii sərvət, həm də strateji üstünlük yaradır.
Kəlbəcər Ermənistan, Göygöl, Tərtər, Ağdam, Xocalı və Laçın rayonları ilə həmsərhəd olduğu üçün regionun təhlükəsizliyində həlledici mövqeyə malikdir. Rayon statusu 1930-cu ildə verilmiş, işğala qədər əhalisi 53 478 nəfər, inzibati ərazisi isə 3054 kv.km təşkil etmişdir. Rayonda 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 55 inzibati ərazi dairəsi fəaliyyət göstərirdi.
2 aprel 1993-cü ildə Kəlbəcər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Nəticədə 511 dinc sakin qətlə yetirildi, 321 nəfər əsir və itkin düşdü, əhali ölkənin 56 rayonunun 770 yaşayış məntəqəsinə səpələnərək məcburi köçkünə çevrildi. Onlarla tarixi abidə, yüzlərlə sosial obyekt, minlərlə yaşayış evi və mülki infrastruktur tamamilə dağıdıldı.
BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi Kəlbəcərin dərhal boşaldılmasını tələb etsə də, Ermənistan bu tələbi icra etmədi və beynəlxalq təşkilatlar buna təzyiq göstərmədi. 1999-cu ildən etibarən bölgədə qeyri-qanuni erməni məskunlaşdırılması həyata keçirildi ki, bu da beynəlxalq humanitar hüququn kobud pozuntusudur”.
Mehriban Vəliyeva bildirib ki, Kəlbəcərin 2020-ci ildə azad edilməsi və bərpası Azərbaycanın hərbi üstünlüyünün və siyasi qətiyyətinin göstəricisidir:
“2020-ci ilin Vətən müharibəsi zamanı Kəlbəcərin şimal hissəsində strateji yüksəkliklərin Azərbaycan Ordusu tərəfindən azad edilməsi Ermənistan ordusunun hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu istiqamətlərdə əldə olunan üstünlüklər düşmənin hərbi logistikası üçün həyati əhəmiyyət daşıyan Basarkeçər–Kəlbəcər yolunu tam iflic vəziyyətinə saldı.
10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonunun işğalsız təhvil verilməsi Azərbaycanın qətiyyətli siyasətinin, hərbi gücünün və strateji planlamasının parlaq təzahürüdür. İşğalçıların rayonu tərk edərkən törətdikləri yanğınlar və mülki infrastrukturu məqsədli şəkildə məhv etmələri bir daha Ermənistanın vandalizm siyasətini ortaya qoydu.
2020-ci il noyabrın 26-da təsis olunan medalla Kəlbəcərin azadlığı uğrunda döyüşmüş 9455 hərbi qulluqçu təltif edilib. Bu, Azərbaycanın qəhrəman övladlarının vətənə xidmətinə verilən yüksək dəyərin göstəricisidir.
31 iyul 2023-cü il tarixli Prezident Sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü elan edilib. Kəlbəcərin yenidən qurulması “Böyük Qayıdış” proqramının ən mühüm istiqamətlərindən biridir”.
Deputatın sözlərinə görə, Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı quruculuq layihələri rayonu müasir, ekoloji və dayanıqlı inkişaf modelinə çevirir:
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi “Kəlbəcər şəhərinin 2040-cı ilədək Baş planı” şəhərin müasir urbanistik modelini formalaşdırır. Baş plana əsasən əhalinin sayı 17 min nəfərə çatdırılacaq, 4250 mənzillik yaşayış fondu yaradılacaq, şəhərin 22%-i yaşıllıq zonası olacaq, 4 məktəb, 4 bağça, 2 xəstəxana, reabilitasiya mərkəzi, turizm infrastrukturu və geniş ictimai-iaşə obyektləri inşa ediləcək.
Kəlbəcər şəhərində 524 ailəlik yaşayış məhəlləsi tikilir. Birinci mərhələdə 201 ailə köçürülüb, proses davam edir. Yanşaq, Zallar və Zar kəndlərinin hər biri üçün müasir inkişaf planları təsdiqlənib: Yanşaq – 421 ailə, Zallar – 487 ailə, Zar – 855 ailəlik yaşayış məntəqəsi. Bu layihələrdə məktəblər, bağçalar, sosial obyektlər, yol və mühəndis-kommunikasiya şəbəkələri nəzərdə tutulub.
Bölgənin ən iri layihələrindən biri Toğanalı–Kəlbəcər–İstisu avtomobil yoludur. Ümumi uzunluğu 82 km olan yol üzərində 5 tunel inşa edilir (ümumi uzunluğu 25,9 km). Murovdağ tuneli (11,7 km) Avropanın ən uzun avtomobil tunellərindən biridir. Bu yol Kəlbəcərin ölkənin nəqliyyat xəritəsinə tam inteqrasiyasını təmin edəcək.
Kəlbəcər su ehtiyatları ilə ölkənin ən böyük hidroenerji potensialına malik rayonlardan biridir. Burada yenidən qurulan və tikilən stansiyalar:
— “Çıraq-1” – 8,33 MVt
— “Soyuqbulaq” – 5,3 MVt
— “Çıraq-2” – 3,6 MVt
— “Aşağı Vəng” – 8,6 MVt
— “Nadirxanlı” – 8,8 MVt
— “Çaykənd” – 5 MVt
Bu stansiyalar rayonun və bütövlükdə regionun enerji təminatında mühüm rol oynayacaq.
80 min m² ərazidə inşa edilən İstisu Müalicə-İstirahət Kompleksində 145 nömrəli hotel, kotteclər, SPA və müalicə mərkəzləri tikilir. Burada mineral sularla müalicə, palçıq terapiyası və klimatoterapiya xidmətləri göstəriləcək.
2024-cü ildə fəaliyyətə başlayan zavodun illik istehsal gücü 100 milyon şüşədən çoxdur. Müəssisədə əsasən Kəlbəcər və Laçın sakinləri çalışır.
2021–2025-ci illər ərzində Prezident İlham Əliyevin Kəlbəcərə çoxsaylı səfərləri bölgənin bərpasına verilən yüksək siyasi dəstəyin göstəricisidir. Bu səfərlər çərçivəsində yeni yolların təməli qoyulub, enerji obyektləri açılıb, şəhər və kəndlərin təməlləri atılıb, yaşayış komplekslərinin tikintisi nəzarətə götürülüb, minlərlə ailənin doğma yurdlarına qayıdışı təmin olunub.
Kəlbəcər bu gün işğalın acı izlərini silərək yeni inkişaf modelinin yaradıldığı, iqtisadi, turistik və sosial potensialına görə Azərbaycanın ən perspektivli bölgələrindən birinə çevrilir. Tarixi irsi, təbii sərvətləri, strateji mövqeyi və müasir quruculuq layihələri Kəlbəcərin gələcəyinin möhkəm təməllər üzərində qurulduğunu göstərir.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü təkcə bir tarix deyil, həm də Azərbaycanın Böyük Qayıdışının, dövlət quruculuğunun və milli iradəsinin rəmzidir.
Cəmilə Cəfərzadə






