"1 manatlıq kosmetika kiprik tökülməsi, xərçəng, erkən yaşlanmaya səbəb olur" - Dermatoveneroloq
Son dövrlərdə internet platformalarında və bəzi mağazalarda 1 manat məbləğində çox ucuz qiymətə kosmetika məhsulları satışa çıxarılır. Daha diqqətçəkən məqam isə bu məhsullar arasında ikinci əl, yəni əvvəllər istifadə olunmuş məhsulların da mövcudluğudur. Qiymətin ucuzluğuna görə, bu cür məhsullardan istifadə edənlər də az deyil.
Bəs bu cür məhsulların istifadəsi qadınların dərisinə nə kimi təsirləri ola bilər?
Bu barədə dermatoveneroloq Xəyalə Hüseynova Patrulaz.az-a açıqlamasında bildirib ki, kosmetika vasitələri xanımların həyatında vacib rol oynayır. Amma bir çox xanım kosmetikanın keyfiyyətinə yox, əsasən qiymətinə diqqət yetirir:
“Qadınlar gözəl və baxımlı görünmək üçün demək olar ki, hər gün kosmetik vasitələrdən istifadə edirlər. Bu səbəbdən kosmetik vasitələr qadınların həyatında önəmli rol oynayır. Tələbat çox olduğu üçün kosmetika bu gün ən gəlirli sahələrdən hesab olunur. Bakıda müxtəlif satış yerlərində, o cümlədən mağazalarda külli miqdarda mənşəyi bəlli olmayan, çeşid-çeşid keyfiyyətsiz, saxta məhsullar satılır. Əlbəttə, qiymətlər və keyfiyyət də satıldığı yerə görə dəyişir. Bizim xanımlarımızın əksəriyyəti aldıqları kosmetikanın mənşəyi, istehsal tarixi və saxlanma şəraiti ilə maraqlanmır. Əsas məsələ qiymətdir. Yəni, ucuz qiymətə satılsın, içində nə olur-olsun…”.

Dr. X. Hüseynovanın araşdırmalarına görə, dodaq pomadalarının tərkibində bir çox kimyəvi maddələr mövcuddur və bu da alzaymer xəstəliyi və yaddaş zəifliyinə gətirib çıxara bilir.
Dermatoveneroloq bildirir ki, ucuz məhsulların istifadəsi nəticəsində xəstəliyə yoluxaraq ona müraciət edənlər də az deyil:
“Araşdırmalara görə, pomadaların və dodaq parladıcılarının tərkibində maqnezium və alüminium kimyəvi maddələri var. Bu maddələrdən alüminiumun alzaymer xəstəliyinə səbəb olduğu, maqneziumun isə insan yaddaşına mənfi təsir göstərdiyi sübut edilib. Türkiyə alimlərinin araşdırmalarına görə isə, kosmetik məhsullarda qalıcılığı artırmaq məqsədi ilə istifadə edilən ağır metallar bədəndə yığılır və bu maddələr hüceyrələrə zərər verərək erkən yaşlanma, xərçəng və inkişaf pozuntularına səbəb olur. Alimlərin sözlərinə görə, ağır metallar digər bir çox toksinlərdən fərqli olaraq insan bədənində toplanır və təsirləri bir müddətdən sonra ortaya çıxır.
Şəxsi 18 illik iş təcrübəmdə ucuz məhsulların təsirindən kiprik tökülməsi, üzdə ləkə, irinli yaralar, allergik reaksiyalar, qaşınma, qabıqlanma, gözdə konyunktivit xəstəliyi və s. ilə müraciətlər çox olub. Anamnez zamanı isə əsl səbəb ortaya çıxıb. Xanımlara tövsiyəm budur ki, ucuz məhsuldansa heç bir makiyaj istifadə etməyin! Daha gözəl görünərsiniz!”
Cəmilə Cəfərzadə






