Koçaryandan Azərbaycana qarşı sərt ittihamlar: “Bakı Ermənistanın İrana çıxışını istəmir"
Ermənistanın sabiq prezidenti Robert Koçeryan 2025-ci ilin oktyabrın 7-də keçirilən mətbuat konfransı zamanı baş nazir Nikol Paşinyanın hakimiyyətinə və Azərbaycana qarşı qərəzli fikirlər səsləndirib.
Patrulaz.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Koçeryan Paşinyanın 8 avqust tarixində Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanan Birgə Sülh Bəyannaməsini tənqid edib və Paşinyanı “stol, stul, rəsm və bayraqlar arasında bəzək rolunu oynayan” şəxs kimi təqdim edib.
Sabiq prezidentin sözlərinə görə, Ermənistan bu razılaşmalardan heç bir real fayda əldə etməyib:
“ABŞ dəhlizə, İranla sərhədə və Donald Trampın Nobel mükafatına namizədliyinə nəzarəti ələ keçirdi”, – deyə Koçeryan bildirib.
Robert Koçeryan, həmçinin Azərbaycanla bağlı da əssasız fikirlər səsləndirib və Paşinyanın imzası ilə əldə olunan razılaşmaların da əhəmiyyətsiz olduğunu vurğulayıb:
“Azərbaycan Ermənistan ərazisindən keçməklə dəhliz hüququ qazandı, Minsk Qrupunun ləğvi və 907 saylı qətnamənin ləğvi ilə Paşinyan yalnız “”Trampın imzası olan bir fotoşəkil” əldə etdi”, – deyə o bildirib.
Koçaryan çıxışı zamanı “Tramp Marşrutu” layihəsi ilə bağlı danışarkən Azərbaycana qarşı qərəzli mövqe sərgiləyərək, ölkəmizi Ermənistanın İrana çıxış əldə etməsini istəməməkdə ittiham edib:
“TRIPP layihəsinin həyata keçirilməsi üçün Ermənistan üçün faydalı olacaq iki variant mövcuddur. Layihəni ABŞ-nin iştirakı ilə genişləndirməyə cəhd etmək olar, lakin bu, çətindir, çünki Azərbaycan Ermənistanın İrana çıxış əldə etməsində maraqlı deyil”, -deyə sabiq prezident əlavə edib.
Qeyd edək ki, Robert Koçeryan Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.
Gülbəniz Səfərova






