media-inshot_20260401_205557911

Ermənistanda 7 iyun 2026-cı ildə keçiriləcək parlament seçkiləri ərəfəsində hakim dairələr arasında qızğın mübarizə gedir. Bu seçkilərdə kimin qalib gəlməsi Qafqaz ölkələri üçün ciddi maraq doğurur. Ermənistanda seçiləcək baş nazirin Azərbaycanla davam edən sülh proseslərinə necə təsir edəcəyi ilə bağlı müzakirələr aparılır. Çünki namizədlər arasında Azərbaycanla sülhün tərəfdarı olanlar və buna qarşı çıxan qüvvələr də var.

Namizədlər sırasında Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan, ona əks mövqedə olan “Ermənistan” müxalifət blokunun əsas namizədi Robert Köçəryan, İrəvanın keçmiş meri Hayk Marutyan və Ermənistan Milli Konqresindən Levon Zurabyan yer alır.

Bunlarla yanaşı, digər potensial namizədlər – “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan, “Vətən” partiyasının rəhbəri Artur Vanetsyan və “Güclü Ermənistan” partiyasından iş adamı Samvel Karapetyanın da seçki marafonuna qoşulacağı bildirilir.

Seçkilər yaxınlaşdıqca namizədlər verdikləri açıqlamalarla Azərbaycana münasibətdə mövqelərini ortaya qoyurlar. Nikol Paşinyan son açıqlamalarından birində müxalif rəqiblərini Azərbaycanla sülhə qarşı çıxmaqda tənqid edib. O bildirib ki, bu qüvvələr hakimiyyətə gələrsə, Azərbaycanla müharibə qaçılmaz ola bilər.

Paşinyan həmçinin qeyd edib ki, 2026-cı il seçkilərindən sonra Ermənistan siyasətində “oliqarxların və keçmiş prezidentlərin” dövrü tamamilə başa çatacaq və yeni siyasi mərhələ başlayacaq.

Müxalif namizədlər, xüsusilə Robert Köçəryan isə Paşinyan hakimiyyətini “milli maraqları qurban verməkdə” ittiham edir. Onların çıxışlarının əsas xəttini Paşinyan hakimiyyətinə son qoymaq və Ermənistanın hərbi-siyasi mövqelərini bərpa etmək təşkil edir.

Bəs Paşinyan seçilməzsə, Azərbaycanla sülh proseslərinə zərər dəyə bilərmi? Ümumiyyətlə, Paşinyanın seçilməsi Azərbaycanla yanaşı daha hansı ölkələrin marağındadır?

Bu barədə politoloq Samir Hümbətov Patrul.az-a açıqlamasında siyasi-analitik baxışını bölüşüb.

Onun fikrincə, Paşinyanın yenidən seçilməsi Azərbaycanla sülh prosesində mühüm irəliləyişlərə yol aça bilər:

“Hazırkı vəziyyətdə Ermənistanda cəmiyyət iki hissəyə bölünüb. Böyük bir hissə baş nazir Nikol Paşinyanı dəstəkləyir. Onu dəstəkləyənlər Azərbaycanla sülhə maraq göstərənlərdir. Nəzərə almaq lazımdır ki, iyunun 7-də keçiriləcək seçkilərin nəticəsini təkcə seçicilərin səsi deyil, həm də informasiya resurslarının texniki imkanları müəyyən edə bilər. Bu baxımdan, ‘Paşinyan seçkidə qalib gələcəkmi?’ sualının cavabı iki istiqamətdə dəyərləndirilə bilər. Əgər o qalib gəlməzsə və keçmiş Prezident Robert Köçəryan və ya digər müxalif namizədlərdən biri hakimiyyətə gələrsə, Ermənistanın Azərbaycanla 8 avqust tarixində əldə olunmuş sülh bəyanatında nəzərdə tutulan öhdəliklərin icrasında gecikmələr yarana bilər. Hətta bəzi məqamlar ümumiyyətlə yerinə yetirilməyə bilər”.

media-inshot_20260401_204955646

Politoloqun sözlərinə görə, Köçəryanın hakimiyyətə gəlməsi regionda gərginliyi artıra bilər:

“Robert Köçəryan hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanla yenidən müharibə aparacağı ilə bağlı açıq bəyanatlar verib. Hətta Qarabağı yenidən işğal etmək niyyətini ifadə edib. Bu isə təbii ki mümkünsüzdür. Qarabağın yenidən işğalı mümkün olmasa da, onun hakimiyyətə gəlməsi müharibənin olma ehtimalını artırır”.

S. Hümbətov Paşinyanın yenidən seçilmə ehtimalının daha yüksək olduğunu qeyd edərək, bu məsələdə maraqlı olan ölkələrə də toxunub:

“Əgər Paşinyan hakimiyyətdə qalarsa, Qafqazda vəziyyət müsbət istiqamətdə dəyişə bilər. Belə ki, Bakı ilə İrəvan arasında sülh prosesləri davam edər və yekun sülh müqaviləsinin imzalanması mümkün olar. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması bəzi Avropa dövlətlərinin, eləcə də ABŞ və Türkiyənin maraq dairəsindədir. Rusiyanın bu məsələdə mövqeyi isə daha mürəkkəbdir. Lakin Paşinyan seçilərsə, Rusiya da zamanla bu reallıqla barışa bilər. Fransa kimi ölkələrin mövqeyi isə müəyyən qədər mübahisəli olaraq qalır. Bir sözlə, hər cür vəziyyətdə Paşinyanin seçkilərdə rəqiblərinə qarşı qalib gəlməsi ehtimalı yüksəkdir. Onun seçilməsi ilə də ölkəmizlə sülh müqaviləsinin imzalanması reallaşa bilər”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər