"Kopenhagen görüşü sülh prosesini yeni mərhələyə daşıyır" - Mehriban Vəliyeva
Kopenhagen görüşü sülh prosesini yeni mərhələyə daşıyır. Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş regionda sülh prosesinin gələcəyi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir”.
Bunu Patrulaz.az-a açıqlamasında deputat Mehriban Vəliyeva bildirib.
Millət vəkili regionda nəqliyyat kommunikasiyalarının açılmasının mühüm məqam olduğunuda vurğulayıb:
“Tərəflərin ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunmuş razılaşmaların əhəmiyyətini bir daha vurğulamaları, əslində, prosesin davamlı xarakter aldığını göstərir. Bu, həm də Azərbaycan-Ermənistan münasibətlərində beynəlxalq təşəbbüslərin praktiki nəticə verdiyinin göstəricisidir. Vaşinqton Bəyannaməsi, tərəflərin gələcək münasibətlərini hüquqi çərçivəyə salmağa, qarşılıqlı etimadı möhkəmləndirməyə yönəlmiş əsas baza rolunu oynayır. Görüşdə diqqət çəkən mühüm məqam regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlər oldu”.

M.Vəliyevanın sözlərinə görə, Azərbaycan tərəfi ölkə daxilində genişmiqyaslı infrastruktur layihələrini həyata keçirir və bu, regionun tranzit mərkəzə çevrilməsini şərtləndirir:
“Ermənistan ərazisində nəzərdə tutulan TRIPP layihəsinin müzakirəsi isə İrəvanın da əməkdaşlığa açıq olduğunu göstərir. Kommunikasiyaların bərpası və yeni nəqliyyat marşrutlarının istifadəyə verilməsi Cənubi Qafqazı yalnız regional deyil, həm də qlobal ticarət şəbəkəsinə daha sıx şəkildə inteqrasiya edə bilər. Kopenhagendə aparılan müzakirələrdə ATƏT-in Minsk prosesinin və onunla bağlı strukturların ləğv olunması məsələsinə toxunulması xüsusi əhəmiyyət kəsb edir. Tərəflərin bu qərarı alqışlaması, artıq köhnə vasitəçilik formatının aktuallığını itirdiyini və yeni reallıqların əsas götürüldüyünü təsdiqləyir. Qarabağ münaqişəsinin başa çatması ilə bölgədə yeni təhlükəsizlik arxitekturası formalaşır və prosesin birbaşa Bakı–İrəvan dialoqu üzərində qurulması beynəlxalq səviyyədə dəstəklənir. Görüşün nəticələrindən biri də etimad quruculuğu tədbirlərinin davam etdirilməsi barədə razılıq oldu. Praktik səviyyədə bu yanaşma sərhədlərin delimitasiyası və demarkasiyası, iqtisadi inteqrasiya layihələri, humanitar əməkdaşlıq və uzunmüddətli təhlükəsizlik təminatında özünü göstərə bilər”.
Deputatın sözlərinə görə, hər iki tərəfin bu cür təmasları onların artıq bir-birinə düşmən deyil, tərəfdaş kimi baxmağa doğru addım atdıqlarını göstərir:
Kopenhagendə keçirilən Əliyev–Paşinyan görüşü Cənubi Qafqazda sülh gündəliyinin möhkəmlənməsi baxımından əhəmiyyətli mərhələdir. Azərbaycan tərəfi ardıcıl şəkildə sülh sazişinin imzalanmasına, iqtisadi əməkdaşlığın inkişafına və regionun sabitlik məkanına çevrilməsinə yönəlik addımlar atır. Ermənistan rəhbərliyi də bu prosesə qoşulduqca, qarşılıqlı maraqlar üzərində formalaşan əməkdaşlıq formatı hər iki ölkənin inkişafına xidmət edə, bölgənin geosiyasi çəkisini isə daha da artıracaq”.
Cəmilə Cəfərzadə






