media-030fd868-80af-491c-9f85-37f65919aaf8

Son günlər əhali arasında yayılan bir çox xəstəliklərin əlamətləri hələ də COVID-19-un simptomlarını xatırladır. Xüsusilə temperatur, boğaz ağrısı, öskürək və halsızlıq kimi hallar insanlarda “yenidən koronavirusa yoluxma” təəssüratı yaradır.

Üstəlik, bu hallar əvvəlki illərlə müqayisədə COVID-dən sonra daha tez-tez soyuqdəymə hallarının müşahidə olunduğunu göstərir.

Bəs koronavirus pandemiyasından sonra insanlar niyə daha tez-tez xəstələnir?

Bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla Patrulaz.az-a açıqlamasında bildirib ki, Koronavirus pandemiyası bitsə də, virus tam aradan qalxmadığı üçün epidemiyalar hələ də davam edir:

“Ümumiyyətlə, pandemiyadan sonra bəzi xəstəliklərin xüsusi artım tendensiyası müşahidə edilir. Xüsusilə, onkoloji xəstəliklər və soyuqdəymə hallarının intensivləşməsi nəzərə çarpır. Həm də nəzərə almaq lazımdır ki, koronavirus pandemiyası bitsə də, epidemiyalar hələ də davam edir. “Koronavirusdan sonra” demək tam olaraq düzgün ifadə deyil, çünki virus tamamilə aradan qalxmayıb.

Digər tərəfdən, bu pandemiya insan orqanizminə təsirsiz ötüşməyib, immun sisteminə ciddi zərbə vurub. Məhz bunun nəticəsində bəzi xəstəliklərin statistikasında da artım müşahidə olunur. Düşünürəm ki, hazırkı mərhələ post-pandemik dövr kimi qiymətləndirilə bilər və koronavirusun yaxın və uzaq nəticələri ilə bağlı dünyanın tanınmış profilaktika və müalicə mərkəzləri ciddi araşdırmalar aparırlar. Bu araşdırmaların nəticələrinin yaxın vaxtlarda açıqlanacağı gözlənilir. Bununla da bir çox məsələlərə daha dəqiq aydınlıq gətiriləcək”.

A. Qeybulla insanların əleyhinə çıxdığı vaksinasiya əslində pandemiyanın nəzarət altına alınmasında həlledici rol oynadığını vurğulayıb:

“Hesab edirəm ki, indiyə qədər insanların əleyhinə çıxdığı vaksinasiya məsələsi ilə bağlı təsəvvürlər xeyli hallarda yanlışdır. Məhz vaksinasiya nəticəsində infeksiya zənciri qırıldı və pandemiya nəzarət altına alındı. Əgər vaksinasiya həyata keçirilməsəydi, bəlkə də bu proses hələ də davam edirdi.

Bununla belə, hazırda vaksinasiya məsələsinə dünyada birmənalı yanaşma yoxdur və antivaksin təbliğatı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal problem kimi qiymətləndirilir. Bu təbliğat insan sağlamlığını təhdid edən 10 əsas risk faktorundan biri hesab olunur.

İmmun sisteminin yaxşı vəziyyətdə qalması üçün insanlar qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Yağlı və karbohidratla zəngin qidalardan, fast food məhsullarından, energetik içkilərdən uzaq durmaq tövsiyə olunur. Əvəzində sağlam və balanslı qidalanma, bol meyvə-tərəvəz qəbulu, aktiv fiziki hərəkət, təmiz havada gəzmək və stressdən uzaq qalmaq vacibdir.

Bütün bunlar immun sisteminin möhkəmlənməsinə kömək edir. İmmun sisteminin sağlamlaşdırılması üçün daim imkanlar mövcuddur və bu imkanlardan hər bir insan düzgün şəkildə yararlanmalıdır”.

Həkimin sözlərinə görə, pandemiyadan sonra immun sisteminə dəyən zərbə nəticəsində xəstəliklərin artması müşahidə olunur və bu, düzgün qidalanma və profilaktik tədbirlərlə azaldıla bilər.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər