Kürdəmir yolunda acınacaqlı vəziyyət: yüzlərlə avtomobil zərər görür - VİDEO
Son günlər ölkə ərazisində müşahidə olunan aramsız yağışlar yol infrastrukturuna ciddi ziyan vurub. Problemin ən qabarıq hiss olunduğu ərazilərdən biri də Qazax-Bakı magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsidir.
Patrul.az-ın əldə etdiyi məlumata görə, intensiv yağıntılar nəticəsində yol örtüyü bir sıra yerlərdə deformasiyaya uğrayıb, dərin çuxurlar yaranıb. Bu vəziyyət yüzlərlə nəqliyyat vasitəsinin ziyan görməsinə səbəb olub. Sürücülər bildirirlər ki, xüsusilə gecə saatlarında hərəkət daha təhlükəli xarakter alır.
Problemi daha da ağırlaşdıran məqamlardan biri isə həmin ərazidə işıqlandırma sisteminin olmamasıdır. Qaranlıq şəraitdə çuxurların görünməməsi qəza riskini artırır və sürücülər üçün real təhlükə yaradır.
Sakinlər və sürücülər aidiyyəti qurumları məsələni nəzarətə götürməyə, yolun təmir olunması və işıqlandırma sisteminin qurulması istiqamətində təxirəsalınmaz tədbirlər görməyə çağırır.
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini işıqlandırmağa hazırıq.






