media-inshot_20260128_122537173

“Bu gecə nə “Liverpul”un, nə də “Qarabağ”ın itirəcəyi bir şey var”

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda İngiltərənin “Liverpul” klubu ilə üz-üzə gələcək.

Mersisayd təmsilçisi hazırda 15 xalla 4-cü pillədə qərarlaşıb. Ağdam klubu isə 10 xalla 18-ci sıradadır.

“Enfild” stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək oyundan gözləntilərini öyrənmək üçün Patrul.az futbol mütəxəssisi Şahin Diniyevə müraciət edib.

O xatırladıb ki, bu gecə “Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində baş tutacaq son oyununu izləyəcəyik:

“Düşünürəm ki, bu oyunun necə nəticələnməsindən asılı olmayaraq “Liverpul” ilk səkkizlikdə, “Qarabağ” isə iyirmi dördlükdə öz yerini sığortalayıb. Bugünkü oyun sadəcə bir prestij məsələsidir. Həm də kiçik komandalar üçün Çempionlar Liqası maliyyə baxımından mühüm əhəmiyyətə malikdir”.

media-inshot_20260128_122322239

Mütəxəssisin fikrincə, hazırda “Liverpul”da mövcud vəziyyət “Köhlən atlar”ın xeyrinədir:

“Çünki bəlkə də bu, İngiltərə klubunun baş məşqçisi Arne Slotun son oyunudur. Məşqçi statusunda dəyişiklik gözlənilir. Rəqib komanda da bir çox futbolçuların zədəli olması da təmsilçimiz üçün bir şansdır. Lakin “Liverpul” forması geyinən hər bir futbolçu bu kluba uyğun oynayır. Ona görə də ikinci heyətin səviyyəsini gözardı edə bilmərik”.

Ş.Diniyev bizi maraqlı oyun gözlədiyini də əlavə edib:

“Bu oyunda iki komandanın da itirəcəyi bir şey yoxdur. “Liverpul”un ev sahibliyi etdiyi oyunda ona qarşı oynamaq hər komandanın işi deyil. Amma “Qarabağ” da artıq sıradan bir rəqib deyil. Çempionlar Liqasında zəif komanda deyə bir şey olmadığını düşünürəm. “Budyo Qlimt”in “Mançester Siti”yə öz evində 3 qol vura bilməsi bunu açıq-aşkar sübut edir”.

Ləman Sərraf


Bənzər xəbərlər