media-inshot_20260113_112208834

İntihar halları ilə bağlı məlumatların mediada paylaşılması cəmiyyətin, xüsusilə yeniyetmə və gənclərin psixoloji sağlamlığına, eləcə də sosial məsuliyyət hissinə birbaşa təsir göstərir.

Belə həssas mövzularda jurnalistlərin etik prinsiplərə riayət etməsi vacib hesab olunur.

Bəs mətbuat intihar xəbərlərinə necə yanaşmalıdır? Media intihar xəbərlərini versin və ya verməsin? Ya da bu xəbərləri necə təqdim etsin?

Patrul.az mövzu ilə bağlı psixoloq Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun fikirlərini öyrənib.

Məsələnin çox həssas və eyni zamanda cəmiyyət üçün son dərəcə vacib olduğunu söyləyən psixoloq bildirib ki, media və televiziya intihar hadisələrini təqdim edərkən əsas məqsədi hadisəni sensasiyaya çevirmək deyil, insan həyatının dəyərini qorumaq və risk qrupunda olan şəxslərə dolayı zərər vurmamaq olmalıdır:

“Psixoloji baxımdan düzgün təqdimat həm profilaktik rol oynaya bilər, həm də yanlış yanaşma olduqda əks təsir yarada bilər. İlk növbədə intihar hadisələri xəbərlərdə dramatik və emosional tonla təqdim edilməməlidir. Başlıqlar qorxuducu ifadələrdən uzaq olmalı hadisə qəhrəmanlaşdırılmamalı və diqqət mərkəzinə gətirilməməlidir. Çünki bu cür təqdimat xüsusilə emosional cəhətdən həssas olan insanlarda təqlid davranışını gücləndirə bilər. Media hadisəni fövqəladə və ya çıxış yolu kimi göstərməməli, əksinə bunun ağır psixoloji nəticələri olan bir faciə olduğunu neytral dildə vurğulamalıdır”.

media-inshot_20260113_111328423

Həmsöhbətimiz digər mühüm məqamın hadisənin detallı şəkildə izah edilməməsi olduğunu qeyd edib:

“Hadisənin necə baş verdiyi texniki və ya təsviri formada təqdim edildikdə bu məlumatlar risk qrupunda olan insanlar üçün tətikləyici rol oynaya bilər.


Media faktı təsdiqlənmiş məlumatlarla qısa şəkildə çatdırmalı, detala varmadan mövzunun sosial və psixoloji tərəfinə fokuslanmalıdır. Şəxsi məlumatların ifşası ailənin və yaxınların travmasını dərinləşdirə biləcəyi üçün etik baxımdan da yolverilməzdir.

Çox vacib yanaşmalardan biri intiharı səbəblərlə sadələşdirməməkdir. Bir insanın həyatına son qoyması heç vaxt tək bir hadisə və ya səbəblə izah edilə bilməz. Media bunu maddi çətinlik, imtahan stressi, ailə münaqişəsi kimi bir faktora bağladıqda, cəmiyyətdə yanlış mesaj formalaşır və insanlar oxşar vəziyyətdə bunu çıxış yolu kimi qavramağa başlaya bilər. Bunun əvəzinə psixoloji çətinliklərin mürəkkəb və çoxşaxəli olduğu vurğulanmalıdır”.

E.Rüstəmov əlavə edib ki, media təqdimatında ümid və alternativlər xüsusi yer tutmalıdır:

“Belə xəbərlərin sonunda psixoloji dəstək xətlərinin mütəxəssis yardımı imkanlarının və müraciət yollarının qeyd edilməsi çox önəmlidir. İnsanlara açıq şəkildə mesaj verilməlidir ki, çətinliklər keçicidir və kömək mövcuddur. Bu yanaşma qoruyucu təsir yaradır və insanların tək olmadığını hiss etməsinə kömək edir.

Eyni zamanda intihar hadisəsi üzərindən maarifləndirmə aparmaq daha sağlam yanaşmadır. Media bu cür xəbərləri psixoloqların və mütəxəssislərin rəyləri ilə balanslaşdıraraq təqdim edə bilər. Emosional çətinliklərin əlamətləri stress depressiya və ümidsizliklə mübarizə yolları haqqında məlumat vermək cəmiyyət üçün daha faydalıdır və preventiv rol oynayır.

Ona görə də media və televiziya intihar hadisələrini təqdim edərkən qorxutmaq və ya sarsıtmaq yox, düşünməyə dəstək verməli insan həyatının dəyərini ön plana çıxarmalı və psixoloji təhlükəsizliyi əsas prinsip kimi qəbul etməlidir. Düzgün dil düzgün ton və məsuliyyətli yanaşma həm cəmiyyəti qoruyur, həm də insanların kömək axtarmağa cəsarət etməsinə şərait yaradır”.

Ləman Sərraf


Bənzər xəbərlər