media-inshot_20250826_103301429

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür.

Patrulaz.az xəbər verir ki, Mehriban Arif qızı Əliyeva 1964-cü ilin avqustun 26-da Bakı şəhərində anadan olub.

1982-ci ildə paytaxtın 23 nömrəli orta məktəbini qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə isə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə başa vurub. 1988–1992-ci illərdə Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda fəaliyyət göstərib.

1995-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu yaradılıb. Bir il sonra isə Azərbaycan mədəniyyətini dünyada tanıtmaq məqsədilə “Azərbaycan-İrs” jurnalı nəşrə başlayıb. 2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

2004-cü ildə Heydər Əliyev Fondunun rəsmi açılışı olub və fond bu illər ərzində təhsil, mədəniyyət, incəsənət və humanitar sahələrdə beynəlxalq layihələr həyata keçirib. Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanda məktəblər tikilib, Fransada, İtaliyada və Rusiyada tarixi abidələrin bərpası həyata keçirilib.

Həmçinin, 2004-cü ildə Azərbaycanın mədəni irsinin qorunmasında xidmətlərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. 2006-cı ildən isə İSESCO-nun xoşməramlı səfiridir.

Mehriban Əliyeva beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən müxtəlif ali orden və mükafatlarla təltif olunub. Onların sırasında “Heydər Əliyev” ordeni, Fransa Prezidentinin təqdim etdiyi “Fəxri Legionun böyük xaç komandoru” ordeni, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Rusiya Federasiyasının “Dostluq” ordeni və digər nüfuzlu təltiflər yer alır.

Azərbaycanın I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitələrinə rəhbərlik edən Mehriban Əliyevanın fəaliyyəti beynəlxalq miqyasda yüksək qiymətləndirilib.

Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixli sərəncamı ilə o, Azərbaycanın Birinci vitse-prezidenti təyin olunub. Bu vəzifədə o, əsas diqqətini sosial məsələlərin həllinə, xüsusən də şəhid ailələri, müharibə əlilləri, məcburi köçkünlər və aztəminatlı ailələrin problemlərinin aradan qaldırılmasına yönəldib.

Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Ailəlidir, iki qızı və bir oğlu var.


Bənzər xəbərlər