Meşəlik ərazidəki obyekt tikintisinin qarşısı alındı
Sumqayıt şəhərinin Nəsimi parkında, Göyərçin abidəsi adlanan ərazinin yaxınlığında yaşıllıq sahənin hasarlanması və həmin yerdə ağacların kəsilməsi ehtimalının olması ilə bağlı sosial şəbəkədə yayılan video görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Patrulaz.az-ın sorğusuna cavab olaraq bildirilib ki, araşdırma zamanı sözügedən ərazinin metal lövhə ilə hasarlanması işlərinin aparıldığı təsdiqlənib.
Hasarlanmış sahədə ağacların kəsilməsi faktı qeydə alınmayıb.
Hasarın sökülməsi üçün Sumqayıt şəhər Nəsimi adına Mədəniyyət və İstirahət Parkının rəhbərliyinə müraciət edilib və hazırda ərazidə hasarın sökülməsi işləri aparılır.
Ərazidəki mövcud yaşıllıqlar qeydə alınaraq nəzarətə götürülüb, həmçinin mühafizə edilməsi və onlara aqrotexniki xidmət göstərilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanacaq.