"Qlobal moda biznesinin qurbanları çoxdur" - SOSİOLOQ
“Dəb, moda insan həyatına girəndən bəri insanlar ondan faydadan çox zərər görür. Maddi problemlər yaratması bir tərəfə, ciddi psoxoloji problemlərə də səbəb olur. Dəbin əsiri olan minlərlə insan var, hər yeni istehsalı almaq məcburiyyəti hiss edən, davamlı istehlakçı olan bu insanlar üçün dəb xəstəlikdir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.
O bildirib ki, günümüzdə insanlar daha çox rahat geyimə üstünlük verir , daha əvvəlki kimi dikbabanla, rəsmi geyimlə gəzən insan azdır: “Çoxumuzun gündəlik həyatı qaçaqaçla keçdiyi üçün rahat geyim, rahat ayaqqabı tərəfdarıyıq. Amma rahat geyim istifadəçiləri də davamlı istehlakçı ola, dəbin əsiri ola bilirlər. Evdə 20 cüt idman ayaqqabısı olan birinin yenicə dəbə düşən 21-ci idman ayaqqabısını ala bilmədiyinə görə depressiv vəziyyətə düşməsi də rastlanan vəziyyətdir.
Son vaxtlar görürəm, adına hər nə deyirlərsə bir növ ev başmaqlarına bənzəyən tüklü, parça başmaqlar dəbə minib. Daban hissəsi açıq olduğuna görə qızların ayağından çıxır tez-tez, yeridiyi yerdə maneçilik törədir, buna rəğmən onu geyməkdə israrlıdır. Ötən il başqa cür tüklü, rəngarəng başmaqlar dəbdə idi, bu il xatırlayan da yoxdur. Yəni dəb uğruna rahatlığını, komfortunu qurban vermək marağındadır insanlar.
Dəb insanın özünə yaraşanı geyməsidir, onu rahat hiss etdirən geyimdir. Qlobal moda biznesinin qurbanı olmaq marağında, həvəsində olan milyonlar var, onların sayəsində bu biznes bu qədər uğurlu olur”.