Moskvadakı mitinqdə polisləri döyən "dəli döyüşçü" ləqəbli tələbə azadlığa buraxıldı - VİDEO
Rusiyada 2021-ci ildə müxalifətin təşkil etdiyi etiraz aksiyasında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlbəyaxa dava etdiyi üçün həbs edilən Said Cumaev azadlığa buraxılıb.
Patrulaz.az xəbər verir ki, o, cəzasını Tambov vilayətindəki cəzaçəkmə müəssisəsində çəkib və beş il həbsdə qaldıqdan sonra bu gün azadlığa çıxıb.
Məlumata görə, Cumaevi koloniyanın qarşısında bir neçə yaxın qohumu qarşılayıb.
Xatırladaq ki, Moskva Dövlət Universitetinin (MDU) tələbəsi olan Said Cumaev 2021-ci ilin yanvarında Puşkin meydanında keçirilən etiraz aksiyası zamanı hüquq-mühafizəçilərlə toqquşmaya girərək həbs olunmuşdu. Onun sərt davranışı sosial şəbəkələrdə geniş yayılmış, xalq arasında ona “Berserk” (dəli döyüşçü) ləqəbi verilmişdi.
Həmin hadisədən sonra ona qarşı cinayət işi başlanıb və Said bir müddət gizlənməyə çalışıb. O, daha sonra Pskov vilayətində meşədə tapılaraq saxlanılıb.
2021-ci ilin avqustunda Moskvanın Tver rayon məhkəməsi onu hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə təqsirli bilmiş və ümumi rejimli koloniyada 5 il azadlıqdan məhrumetmə cəzası vermişdi.


Gülbəniz Səfərova






