Müəllimlərə vahid geyim forması tətbiq oluna bilər: Bu addım nə vəd edir?
Son günlər müəllimlər üçün vahid geyim formasının tətbiqi məsələsi yenidən müzakirə olunur. Bəziləri hesab edir ki, bu addım müəllim nüfuzunu və məktəbdə intizamı gücləndirə bilər, digərləri isə bunun fərdi üslub və rahatlıq baxımından müəyyən məhdudiyyətlər yaradacağını düşünür. Bəs müəllimlərin vahid geyim forması geyinməsi təhsil mühitinə necə təsir göstərə bilər? Bu qərarın üstünlükləri və mümkün mənfi tərəfləri nələrdir?
Bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Patrul.az-a açıqlamasında bildirib ki,müəllimlərin vahid geyim forması və ya ümumi geyim standartlarına riayət etməsi həm məktəbin nüfuzunu, həm də müəllim peşəsinin ciddiyyətini qorumağa xidmət edir:
“Mən müəllimlər üçün vahid geyim formasının və ya ən azı vahid geyim standartlarının tətbiqini dəstəkləyən tərəfdəyəm. Çünki məktəb adi iş yeri deyil, cəmiyyətə nümunə göstərən, dəyərlərin formalaşdığı bir təhsil müəssisəsidir. Müəllim isə həmin mühitin əsas simalarından biridir.
Təəssüf ki, bəzən elə hallarla qarşılaşırıq ki, bəzi müəllimlərin məktəbə seçdiyi geyimlər təhsil müəssisəsinin nüfuzuna və müəllim peşəsinin ciddiyyətinə uyğun gəlmir. Bu, təkcə şəxsi seçim məsələsi deyil, həm də peşə etikası və peşə imici məsələsidir. Müəllim auditoriya qarşısına çıxan, yüzlərlə şagirdə nümunə olan bir şəxsdir və onun xarici görünüşü də müəyyən peşə standartlarına cavab verməlidir”.

Ə.Həsənli qeyd edir ki, müəllimin dəyərini geyimi deyil, biliyi və peşəkarlığı müəyyən etsə də, onun xarici görünüşü də peşəsinin nüfuzuna uyğun olmalıdır:
“Əlbəttə, müəllimin dəyərini geyimi müəyyən etmir. Müəllimin əsas göstəricisi biliyi, peşəkarlığı və şagirdə verdiyi töhfədir. Ancaq bu, o demək deyil ki, xarici görünüş ümumiyyətlə əhəmiyyət daşımır. Necə ki, həkimdən, hakimdən və ya digər məsul peşə sahiblərindən müəyyən görünüş standartları gözlənilirsə, müəllimdən də eyni yanaşma gözlənilməlidir”.
Təhsil ekspertinin sözlərinə görə,məcburi vahid forma olmasa belə, müəllimlər üçün ümumi geyim standartlarının müəyyənləşdirilməsi peşəkar mühitin və müəllim nüfuzunun güclənməsinə töhfə verə bilər:
“Mən hesab edirəm ki, bütün müəllimlər üçün eyni formada məcburi geyim tətbiq edilməsə belə, Elm və Təhsil Nazirliyi tərəfindən məktəblər üçün vahid və aydın geyim standartları müəyyənləşdirilə bilər. Bu həm müəllim peşəsinin nüfuzuna müsbət təsir edər, həm də məktəblərdə daha ciddi və peşəkar mühitin formalaşmasına xidmət edər.
Bu gün müəllim nüfuzunun artırılması üçün əməkhaqqı, sosial təminat və peşəkar inkişaf kimi məsələlər daha vacibdir. Lakin müəllimin peşəkar imicini formalaşdıran amillərdən biri də onun geyim mədəniyyətidir və bu mövzunu müzakirə etməkdən çəkinməməliyik”.
Cəmilə Cəfərzadə






