media-inshot_20260129_212551192

Kreml Ukrayna Prezidenti Vladimir Zelenskini müharibənin yekunlaşdırılması məsələsini müzakirə etmək məqsədilə yenidən Rusiyaya dəvət edib.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Zelenskinin bu dəvətə hələlik cavab vermədiyini bildirib.

Peskovun sözlərinə görə, Rusiya tərəfi Vladimir Putinlə Zelenski arasında mümkün görüşün Moskvadan kənarda müzakirə olunmasını məqsədəuyğun hesab etmir.

Rusiya rəsmiləri Ukrayna prezidentinin Moskvaya səfəri zamanı təhlükəsizliyinin tam təmin ediləcəyini də vurğulayıblar.

“Əgər Zelenski Moskvaya gələrsə, onun təhlükəsizliyi tam şəkildə təmin olunacaq. Bu, müzakirə mövzusu belə deyil. Rusiyanın qeyri-düzgün addım atacağına dair ehtimallar əsassızdır”, – deyə Rusiya Dövlət Dumasının deputatı Svetlana Jurova bu məsələyə toxunaraq bildirib.

ABŞ rəsmilərinin isə açıqlamasına görə, 23-24 yanvar tarixlərində Əbu-Dabidə keçirilən danışıqlar Rusiya və Ukrayna liderləri arasında mümkün görüş ehtimalını əhəmiyyətli dərəcədə artırıb.

“Axios” nəşrinin məlumatına əsasən, Əbu-Dabidə planlaşdırılan növbəti görüş uğurlu nəticələnərsə, Putin və Zelenski arasında Moskva və ya Kiyevdə birbaşa görüş baş tuta bilər.

Xatırladaq ki, Ukraynanın xarici işlər naziri Andrey Sıbıha daha əvvəl Zelenskinin ərazi məsələləri və Zaporojye Atom Elektrik Stansiyasının taleyini müzakirə etmək üçün Rusiya prezidenti ilə şəxsən görüşməyə hazır olduğunu açıqlamışdı.

Qeyd edək ki, siyasətçilər Zelenskinin bu dəvəti qəbul etməkdən başqa real alternativinin olmadığını bildirirlər. Onların fikrincə, dəvətin qəbul edilməsi müharibənin yekunlaşdırılması prosesini əhəmiyyətli dərəcədə sürətləndirə bilər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər