Nağdsız ödənişlər taksilərdə niyə tam tətbiq olunmur? - RƏY
Son illərdə nağdsız ödənişlərin təşviq olunmasına baxmayaraq, paytaxt və regionlarda fəaliyyət göstərən taksilərdə kartla ödəniş etmək istəyən sərnişinlər tez-tez problemlə üzləşirlər. Üstəlik, aparılan ödənişlərə görə kassa çeki təqdim edilmir. Bu hal isə vergi qanunvericiliyinin açıq şəkildə pozulması kimi qiymətləndirilir.
Bəs bu proses necə tənzimlənməlidir və kartla ödənişin taksilərdə tam tətbiqi üçün hansı mexanizmlər gücləndirilməlidir?
Bu barədə nəqliyyat eksperti Aslan Əsədov Patrul.az-a açıqlamasında bildirib ki, ödəniş mexanizmi mövcuddur, əsas məqsəd vətəndaşın həm rahat etməsi, həm də verginin düzgün ödənilməsini təmin etməkdir:
“Vergi pozuntusundan söhbət gedə bilməz. Çünki ödəniş mexanizmi mövcuddur və bu mexanizm müəyyən prosedur qaydaları çərçivəsində həyata keçirilir. Burada vətəndaş məmnunluğunun da təmin olunması vacibdir. Yəni pulu alan da vətəndaşımızdır, xidmət göstərən şirkət də, sürücü də vətəndaşımızdır. Bu proses elə təşkil olunmalıdır ki, mağaza alış-verişlərində olduğu kimi həm kartla, həm də nağd ödəniş mümkün olsun. Burada əsas məsələ vətəndaşın vergidən yayınmaması və dövlətə düşən verginin ödənilməsidir”.

Ekspertin sözlərinə görə, ödəniş həm nağd, həm də kartla mümkündür və prosesdə heç kəsi birbaşa günahlandırmaq düzgün deyil:
“Digər tərəfdən, ödəniş etmək istəyən şəxs üçün hansı variantın əlverişli olması da nəzərə alınmalıdır. Şəxsin pulu nağddırsa, nağd ödəsin, kartdadırsa, kartla ödəsin. Sürücü məsələsinə gəldikdə isə, bəzi hallarda nağd ödəniş tələb olunur, kartla ödəniş üçün isə post-terminalın olmaması və digər texniki səbəblər vaxt aparır. Bu baxımdan kimisə birmənalı şəkildə günahlandırmaq düzgün deyil. Nə şirkəti, nə vətəndaşı, nə də sürücünü günahlandırmaq olar. Hazırkı vəziyyətdə prosesi tam tənzimləyən başqa bir mexanizm görmürəm”.
Cəmilə Cəfərzadə






