media-photo_2375

İlk senzurlar gimnaziya müəllimləri olub, amma onların arasında azərbaycanlı olmayıb.

Patrulaz.az xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli ADA Universitetində keçirilən “Azərbaycan mətbuat tarixi” və “Media etikası” mövzularında Azərbaycan milli mətbuatının 150 illik yubileyinə keçirilən seminarda deyib.

Natiq Məmmədli bildirib ki, XIX əsrdə senzura funksiyasını yerinə yetirən şəxslər əsasən gimnaziyalarda çalışan müəllimlər olub və onlara bu işə görə dövlət tərəfindən maaş verilib:

“Onlar qəzetlərdə dərc olunacaq yazıları senzura baxımından yoxlayırdılar. Lakin maraqlı məqam odur ki, bu senzurlar arasında farslar olsa da, azərbaycanlı olmayıb”.

O, həmçinin sovet dövründə tətbiq edilən senzura rejiminə də toxunaraq qeyd edib ki, bu nəzarət sistemi təkcə Azərbaycanda deyil, ümumilikdə Rusiya imperiyası və sonrakı Sovet İttifaqında da bütün mətbu orqanlara qarşı sərt şəkildə həyata keçirilib:

“Senzura yalnız mətbuata yox, həyatın bütün sahələrinə tətbiq olunurdu. İnsanlara hər hansı məlumat çatmazdan əvvəl onun senzura tərəfindən təsdiqlənməsi tələb olunurdu”.

Məmmədli əlavə edib ki, Qafqazda ilk rəsmi qəzet 1829-cu ildə nəşr olunan “Tiflisskiye Vedomosti” olub. Bu qəzetdə Azərbaycan dilində əlavələr də yer alıb. Lakin yalnız rəsmi dövlət məlumatlarının yayımlanması səbəbindən bu nəşr milli mətbuatın başlanğıcı kimi qəbul edilmir:

“Xüsusilə İslam dini ilə bağlı mətnlərə senzura çox ehtiyatla və tənqidi yanaşırdı. 1849-cu ildə Qafqazda Senzura Baş İdarəsi yaradıldı və bu qurum faktiki olaraq polisin tabeliyində fəaliyyət göstərirdi. Nəticədə, mətbuat üzərində nəzarət və qadağalar olduqca sərt idi”.

media-img-20250620-wa0011

Gülbəniz Səfərova


Bənzər xəbərlər