media-inshot_20260306_164219295

Dünən İranın Naxçıvana endirdiyi zərbələr Tehran hökuməti tərəfindən təkzib edilib. Qonşu ölkədən gələn təxribat xarakterli bu hücuma Prezident İlham Əliyev layiqincə cavab verərək Azərbaycanda ordunun hər cür vəziyyətə qarşı 1 nömrəli səfərbərlik vəziyyətinə gətirildiyini elan edib. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov isə bildirib ki, İran hökuməti bu məsələni araşdırmağa başlayıb və nəticələr ölkəmiz tərəfindən gözlənilir. Bununla yanaşı, dövlətimiz İrandan diplomatik heyətini də çıxarmağa başlayıb.

İran hücumu həyata keçirsə də, ondan üzr gözlədiyimiz halda “araşdırma gedir”, “təkzib edirik” kimi cavablar verilib. Bəzi xarici saytlarda isə belə bir fikir yayılıb ki, hücumu İran hökumətindən ayrı, müstəqil qərar verən SEPAH həyata keçirib. Əgər bu hücum SEPAH tərəfindən həyata keçirilibsə, İran niyə bunu boynuna almır? SEPAH hökumətdən xəbərsiz belə bir addım ata bilərmi?

Bununla bağlı Patrul.az-a politoloq, “Bakı-Xəbər” saytının təsisçisi, baş redaktor Aydın Quliyev öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, İran hökumətindən ayrı müstəqil şəkildə qərar verən qurum varsa belə, yenə də Tehran hakimiyyəti ölkəsindəki nəzarətsizliyə görə məsuliyyət daşımalıdır:

“Həqiqətən ortada düşündürücü suallar var: İran hakimiyyəti öz iradəsi ilə Naxçıvana zərbə endirdi? Yoxsa bunu hakimiyyət daxilindəki hansısa qruplaşma həyata keçirdi? Yaxud hansısa texniki yanlışlıq nəticəsində dronlar Naxçıvana düşdü? Əlbəttə ki, bu kimi suallar çoxdur və onların cavabını İran hökuməti verməlidir. Azərbaycanın nöqteyi-nəzərindən isə Naxçıvana endirilən dron zərbələrinin məsuliyyəti İran hakimiyyətinin üzərindədir. Ona görə də Tehran hökuməti mövcud gərginliyi aradan qaldırmaq üçün Naxçıvana endirilən dronların mənşəyi barədə Azərbaycana inandırıcı izahlar verməlidir.

Bəli, mümkündür ki, bu hücum İran hakimiyyətində olan hansısa qol, o cümlədən SEPAH tərəfindən həyata keçirilsin. Hətta başqa bir qrup tərəfindən də edilə bilər. Lakin bütün hallarda məsuliyyət yenə də İran hakimiyyətinin üzərindədir. Çünki İran hakimiyyətinin bir-birini eşitməyən müxtəlif qollara parçalanması doğrudursa, bu da Tehran hökumətinin problemidir və onlar bu məsələni özləri həll etməlidirlər”.

media-inshot_20260306_163312652

Politoloqun sözlərinə görə, İran Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirsə, bu məsələyə dərhal və detallı şəkildə aydınlıq gətirməlidir:

“Bu məsələdə Azərbaycan doğru mövqe tutur. Çünki ölkəmiz hər zaman İranla yaxşı münasibətlər saxlamağa çalışdığı halda, belə nankor münasibət və reaksiyalarla qarşılaşır. İrandan atılan dronlar Tehran-Bakı münasibətlərini daha da gərginləşdirib. Bu gərginliyin məsuliyyəti İranın üzərindədir. Əgər Tehran hakimiyyəti ölkəmizlə normal münasibətlərin davam etməsini istəyirsə, ilk növbədə bu hadisənin mənşəyini Azərbaycan üçün qənaətbəxş şəkildə izah etməlidir.

Əgər İran hakimiyyəti bunu məqsədyönlü şəkildə həyata keçiribsə, o zaman Azərbaycanın digər nöqtələrinə də zərbələr endirməyə cəhd göstərə bilərlər. Lakin Azərbaycanın mövqeyi tam aydındır. Əgər bu məsələyə aydınlıq gətirilməsə və yeni zərbələr baş verərsə, Azərbaycan buna uyğun şəkildə cavab verəcək. Prezident İlham Əliyev artıq rəsmi şəkildə bəyan edib ki, ölkənin silahlı və sərhəd-mühafizə qüvvələri tam hazırlıq vəziyyətindədir. İran bilməlidir ki, indiki şəraitdə Azərbaycanla münasibətlərin gərginləşməsi ən çox onların özünə ziyan verə bilər”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər