media-inshot_20250722_122738768

Son illərdə skolioz xəstələrinin sayında artım müşahidə olunur. Statistikaya görə, skolioz hallarının təxminən 80%-i “idiopatik” adlanır – yəni səbəbi məlum olmayan. Amma bu, əslində səbəbin olmaması demək deyil. Sadəcə, səbəblər o qədər çox və mürəkkəbdir ki, onları tək bir mexanizmlə izah etmək çətindir. 

Patrulaz.az skoliozun yaranma səbəblərini araşdırıb.

Skolioz – onurğa sütununun yandan baxıldıqda “S” və ya “C” formasında əyilməsi ilə xarakterizə olunan bir haldır. Bu əyrilik müxtəlif yaşlarda, fərqli səbəblərlə meydana çıxa bilər. Lakin bu səbəblər bir-birindən ayrılmaz şəkildə insan faktorunun fraqmentləridir.

Konjenital skolioz (Anadangəlmə)

Konjenital skolioz, uşağın onurğa sütunu ana bətnində inkişaf edərkən yaranan quruluş pozğunluqları nəticəsində meydana çıxır. Onurğa sümüklərinin tam formalaşmaması və ya bir-birinə bitişik olması bu tip skolioza səbəb ola bilər. Bu vəziyyət adətən erkən yaşlarda aşkar edilir və bəzi hallarda cərrahi müdaxilə tələb oluna bilər.

Neyromüsküler skolioz

Neyromüsküler skolioz, əzələ və sinir sistemi xəstəlikləri nəticəsində yaranır. Bu hallarda əzələlər qeyri-bərabər işləyir və onurğa normal vəziyyətini qoruya bilmir. Bu tip skoliozun əsas səbəbləri arasında aşağıdakı xəstəliklər var:

– Serebral iflic (CP)

– Əzələ distrofiyası

– Spina bifida

– Poliomielit

– Bu növ skolioz adətən sürətlə irəliləyir və daha ciddi müdaxilə tələb edə bilər.

Degenerativ skolioz (Böyüklərdə yaranan)

Degenerativ skolioz əsasən yaşlı insanlarda müşahidə olunur. Yaş artdıqca onurğa sütununda degenerativ dəyişikliklər baş verir:

– Disklər nazilir

– Sümük çıxıntıları (osteofitlər) yaranır

– Osteoporoz səbəbilə onurğa zəifləyir

Bu dəyişikliklər nəticəsində onurğada əyilmə meydana çıxır və bel ağrısı, tarazlıq pozğunluğu kimi əlamətlərlə müşayiət oluna bilər.

Travmaya və əməliyyata bağlı skolioz

Bəzən onurğa sütununa dəyən ciddi travmalar və ya keçmişdə aparılan cərrahi müdaxilələr də skolioza səbəb ola bilər. Məsələn, onurğa sınıqları və ya düzgün qaydada bərpa olunmayan əməliyyatlardan sonra onurğa düz xəttindən çıxaraq əyilə bilər.

Çıxış yolu nədir?

Skoliozdan qorunmaq, onunla mübarizə aparmaq mümkündür, əgər onu həyat tərzinin bir göstəricisi kimi dəyərləndirə bilsək.

Erkən diaqnostika: Uşaqlarda skoliozun ilkin əlamətləri vaxtında müəyyən edilsə, konservativ müalicə üsulları ilə əyriliklərin qarşısını almaq mümkündür.

Fiziki aktivlik: Gündəlik həyatımıza yoga, pilates, üzgüçülük kimi onurğa dostu idman növlərini daxil etmək – bu, müasir insanın qamətinə etdiyi ən dəyərli sərmayədir.

Qamət tərbiyəsi: Məktəblərdə və ailədə bədən duruşu haqqında maarifləndirmə aparılmalı, bu məsələ ciddiyə alınmalıdır.

Psixoloji dəstək: Skolioz təkcə sümük problemi deyil, o, gənclərdə özgüvən çatışmazlığı, depressiya kimi psixoloji fəsadlara da səbəb ola bilər.

Ləman Sərraf


Bənzər xəbərlər