Nənə-baba obrazının vulqar şou predmetinə çevrilməsi: Biz harada səhv etdik? - VİDEO
Son zamanlar Azərbaycanda toy məclislərində və müxtəlif özəl tədbirlərdə diqqətçəkən yeni bir tendensiya formalaşıb. İnsanları əyləndirmək məqsədilə müxtəlif cizgi filmi qəhrəmanları, klounlar və digər şou xarakterləri ilə yanaşı, artıq “nənə” və “baba” obrazları da dəvət olunur.
Bu obrazları canlandıran şəxslər yaşlı insanların geyimində, ağır qrim və ya maskalarla səhnəyə çıxaraq “break dance” və xarici musiqi sədaları altında performans nümayiş etdirirlər. İlk baxışda bu, sadəcə əyləncə forması kimi görünə bilər. Lakin məsələnin mahiyyəti daha dərindir.
Burada diqqət çəkən əsas məqam yaşlı nəsli təmsil edən obrazın komik və şou predmetinə çevrilməsidir. Bu yanaşma milli-mənəvi dəyərlərimizə nə dərəcədə uyğundur?
Bir vaxtlar məclislərimizdə nənə və babalarımız ən hörmətli yerdə, məclisin baş tərəfində əyləşdirilərdi. Onların varlığı məclisə bərəkət, ağsaqqallıq və ağbirçəklik nüfuzu gətirərdi. Hər kəs onların başına pərvanə kimi dolanar, xeyir-dualarını almağa çalışardı.
Zaman keçdikcə bu mənzərə dəyişməyə başladı. Bir çox şənliklərdə yaşlı insanlar diqqətdən kənarda qaldı, salonların ucqar hissələrində əyləşdirildi. Hətta bəzi hallarda onları formal olaraq toya gətirib əsas zalda deyil, pilləkən kənarlarında və ya köməkçi sahələrdə əyləşdirmə halları müşahidə olundu. Daha sonra isə bəzi məclislərdə ümumiyyətlə yaşlı nəslin iştirak etməməsi adi hal aldı.
Bu gün isə onların obrazı maska və qrim altında vulqar komik səhnə elementinə çevrilir.
El arasında bir misal var: “Ot öz kökü üzərində bitər.” Məsələnin bu yerində mərhum reper Hüseyn Dəryanın bir misrası da yada düşür: “Bizim ot öz kökü üstündə bitmədi ki, bitmədi.”
Doğrudanmı biz kökümüzdən uzaqlaşırıq?
Şübhəsiz ki, incəsənət və əyləncə müxtəlif formalarda ola bilər. Lakin milli kimlik və dəyərlər üzərində qurulan cəmiyyət üçün müəyyən həssas sərhədlər mövcuddur. Nənə və baba obrazı bu xalq üçün sadəcə yaşlı insan simvolu deyil. O, ailə institutunun dayağı, mənəvi ənənələrin daşıyıcısı və nəsillərarası körpüdür.
Bu obrazın bu tərzdə karikatura səviyyəsinə endirilməsi və şou elementinə çevrilməsi uzunmüddətli perspektivdə cəmiyyətin düşüncə modelinə təsirsiz ötüşmür. Bu, dəyərlərin vizual transformasiyasıdır.
Sual yaranır: biz əyləncə ilə hörmət arasındakı xətti harada itirdik?
Məsələ təkcə bir toy şousu ilə bağlı deyil. Bu, ümumilikdə cəmiyyətin yaşlı nəslə münasibətində baş verən dəyişimin göstəricisidir. Əgər dünən onları baş tacı edirdiksə, bu gün onların obrazını səhnədə komik element kimi təqdim etməyimiz ciddi düşünməyə əsas verir.
Bəlkə də problem əyləncədə deyil, həssaslıq ölçüsündədir.
Əgər kökümüzü qorumaq istəyiriksə, əvvəlcə onu dərk etməliyik. Çünki kökü zəifləyən ağac küləyə davam gətirməz.
Unutmaq olmaz ki, nənə və baba obrazı yalnız əyləncənin predmeti deyil, bu cəmiyyət üçün zəriflik, mərhəmət və ailə müqəddəsliyinin rəmzidir. Onları vulqar jestlər və bayağı hərəkətlərlə ucuz gülüş naminə təqdim etmək nə etik baxımdan, nə də mənəvi dəyərlər baxımından qəbulolunan sayıla bilməz. Çünki nənə və baba siması sadəcə səhnə obrazı deyil, xalqın yaddaşı və mənəvi yaddaşının canlı təcəssümüdür. Bizim vəzifəmiz, gələcək nəsillərə həm əyləncə, həm də hörmət dolu bir mədəniyyət mirası ötürməkdir.
Patrul.az






