media-57d877eb-e7e1-439e-b62f-d80f5d4af41a

Avropa enerji təhlükəsizliyi ilə bağlı yeni iddialar gündəmə gəlib. Ekspertlər hesab edirlər ki, ABŞ yaxın gələcəkdə Avropa ölkələrindən Rusiya qazının idxalını bərpa etməyi tələb edə bilər.

Patrulaz.az xəbər verir ki, bu barədə Almaniyanın Berlində yerləşən Helmholtz Materiallar və Enerji Mərkəzinin eksperti Suzan Nies məlumat verib. Onun fikrincə, ABŞ ya Rusiya ilə qaz ticarətini “mübadilə formasında” həyata keçirərək Avropaya öz qazı kimi ötürə, ya da tədarük üçün “Şimal axını” kəmərindən istifadə edə bilər.

“Amerikalılar bizdən yenidən Rusiya qazı almağı tələb edə bilər. Yeni Almaniya hökuməti isə bunu belə əsaslandıra bilər. Biz istəmirdik, amma sülh naminə məcbur olduq”, – deyə Nies bildirib.

Eyni zamanda, Haaqa Strateji Araşdırmalar Mərkəzinin analitiki Jilles van den Beuke qeyd edib ki, Rusiya qazının qitəyə tədarükünün bərpası Avropada enerji qiymətlərinin aşağı düşməsinə səbəb ola bilər. Onun sözlərinə görə, bu qərar yalnız Almaniya hökuməti və Avropa Komissiyası tərəfindən verilə bilər.

Xatırladaq ki, Almaniyada hakim Sosial Demokrat Partiyasının həmsədri və Maliyyə Nazirliyinə namizəd Lars Klinqbeyl daha əvvəl bildirmişdi ki, Berlinin hazırda Rusiya qaz təchizatına qayıtmaq kimi bir planı yoxdur. O, Ukrayna münaqişəsi çərçivəsində Almaniyanın artıq Rusiya qazına vərdiş etmədiyini bildirmişdi.


Bənzər xəbərlər