media-inshot_20260410_143956405

İnsanlar bəzən güclü görünmək, münaqişədən qaçmaq və ya başqalarını incitməmək üçün öz emosiyalarını gizləməyə üstünlük verir. Lakin bu vərdiş uzun müddət davam etdikdə daxili gərginliyin artmasına və psixoloji tarazlığın pozulmasına səbəb ola bilər.

Bəs emosiyalarını daim gizlədən insanlar uzun müddətdə hansı psixoloji risklərlə üzləşə bilər?

Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, emosiyaların gizlədilməsi qısa müddətdə qoruyucu görünsə də, uzun müddətdə daxili gərginlik yaradır və insanın psixoloji balansını pozur:

“Emosiyaların gizlədilməsi ilk baxışda insanın özünü qoruma mexanizmi kimi görünə bilər. Xüsusilə sosial mühitdə zəif görünməmək, peşəkar imicini qorumaq və ya konfliktlərdən qaçmaq məqsədilə insanlar hisslərini içində saxlamağa üstünlük verirlər. Lakin bu strategiya uzunmüddətli perspektivdə psixoloji və psixosomatik baxımdan ciddi nəticələr yarada bilir. Ən vacib risklərdən biri emosional gərginliyin yığılmasıdır. İnsan emosiyanı ifadə etmədikdə o yox olmur, sadəcə şüuraltı səviyyədə toplanır. Bu isə zamanla daxili narahatlıq, səbəbsiz gərginlik və hətta aqressiyanın artmasına gətirib çıxara bilər. Belə insanlar bəzən kiçik səbəblərə həddindən artıq reaksiya verir, çünki uzun müddət yığılan emosional yük boşalma yolu tapır”.

media-img-20260410-wa0040

E. Rüstəmov qeyd edir ki, emosiyaların bastırılması insanın psixoloji vəziyyətini pisləşdirərək həm depressiya və təşviş yaradır, həm də bədəndə və münasibətlərdə ciddi problemlərə yol açır:

“Digər mühüm risk depressiv və təşviş vəziyyətlərin formalaşmasıdır. Emosiyaların ifadə olunmaması insanın özünü anlama qabiliyyətini zəiflədir. Nəticədə şəxs nə hiss etdiyini dəqiq müəyyən edə bilmir, daxili boşluq və mənasızlıq hissi yaşayır. Bu isə depressiyanın əsas psixoloji mexanizmlərindən biridir. Eyni zamanda, daimi nəzarət və özünü sıxma təşvişi artırır, insan daim “düz davranmalıyam” düşüncəsi ilə yaşayır. Somatik təsirlər də burada xüsusi qeyd olunmalıdır. Psixologiyada uzun müddətdir qəbul olunur ki, ifadə olunmayan emosiyalar bədən üzərində təsir göstərir. Baş ağrıları, yuxu pozuntuları, ürək döyüntülərinin artması, həzm problemləri kimi hallar çox zaman psixoloji gərginliyin bədənə ötürülməsi ilə bağlı olur. Bu, psixosomatik reaksiyaların klassik nümunəsidir. Burada sosial münasibətlər də zərər görür. Emosiyalarını gizlədən insanlar tez-tez soyuq, uzaq və ya laqeyd kimi qəbul edilir. Halbuki problem onların hiss etməməsi deyil, hisslərini ifadə edə bilməməsidir. Bu isə yaxın münasibətlərdə emosional məsafə yaradır, empatiyanı zəiflədir və uzun müddətdə münasibətlərin keyfiyyətini aşağı salır”.

Psixoloqun sözlərinə görə, emosiyaları tanımaq, qəbul etmək və düzgün ifadə etmək insanın həm psixoloji dayanıqlığını, həm də sosial münasibətlərini gücləndirir:

“Bundan əlavə, şəxsiyyət inkişafı baxımından da risk mövcuddur. Emosiyalar insanın daxili kompasıdır. Onlar bizə nəyi sevdiyimizi, nədən narahat olduğumuzu, harada sərhəd qoymalı olduğumuzu göstərir. Bu siqnallar uzun müddət bloklandıqda insan öz ehtiyaclarını tanımır və qərarlarında daha çox kənar təsirlərə uyğunlaşmağa başlayır. Bu isə autentik “mən”in zəifləməsinə səbəb olur. Sağlam yanaşma emosiyaları nəzarətsiz şəkildə boşaltmaq deyil, onları tanımaq, qəbul etmək və adekvat formada ifadə etməkdir. Emosional savadlılıq dediyimiz bacarıq məhz budur. İnsan hissini adlandırmağı, səbəbini anlamağı və uyğun kontekstdə paylaşmağı öyrəndikdə həm psixoloji dayanıqlığı artır, həm də sosial münasibətləri daha keyfiyyətli olur”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər