media-inshot_20260416_151553809

Türkiyədə təhsil ocaqlarına ard-arda edilən silahlı hücumlar cəmiyyətdə ciddi narahatlıqların yaranmasına səbəb olub. Söhbət dünən Kahramanmaraş vilayətində 8-ci sinif şagirdinin öz məktəbində törətdiyi silahlı insidentdən gedir. Bədbəxt hadisə nəticəsində 10 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Hücumu həyata keçirən şagird isə sonda özünü də güləlləyərək intihar edib. 

Bu hadisədən bir gün əvvəl isə Türkiyənin Şanlıurfa bölgəsindəki liseyə də silahlı hücum həyata keçirilmişdi.

Bu cür qandonduran cinayətlərin azyaşlılar tərəfindən törədilməsi təəccüb hissi ilə yanaşı təəssüf də yaradır. Belə faciəvi davranışların birdən-birə yaranmadığı, əksinə uzun müddət formalaşan psixoloji, sosial və ailə faktorlarının nəticəsi olduğu düşünülür.

Belə halların arxasında hansı psixoloji səbəblər dayanır və yeniyetmələrdə aqressiyanın formalaşmasına təsir edən əsas risk faktorları hansılardır? Ailə və məktəb bu cür faciələrin qarşısını almaq üçün hansı preventiv və effektiv addımları ata bilər?

Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, belə hadisələr yeniyetmələrdə yığılan emosional gərginlik və sosial-psixoloji problemlərin vaxtında aşkar olunmamasından yaranır:

“Belə hadisələr cəmiyyət üçün son dərəcə sarsıdıcıdır və təbii olaraq həm emosional, həm də psixoloji səviyyədə ciddi narahatlıq doğurur. Yeniyetmənin müəlliminə və sinif yoldaşlarına qarşı bu dərəcədə ağır aqressiya nümayiş etdirməsi bir səbəblə izah olunmur. Bu cür davranışlar adətən uzun müddət formalaşan, üst-üstə yığılan və vaxtında aşkarlanmadığı üçün dərinləşən psixoloji, sosial və bəzən də nevrobioloji amillərin nəticəsidir. Yeniyetməlik dövrü özü-özlüyündə emosional qeyri-sabitliyin, identiklik axtarışının və daxili gərginliyin yüksək olduğu bir mərhələdir. Bu dövrdə uşaq həm ailədə, həm məktəbdə, həm də sosial mühitdə qəbul olunmaq ehtiyacı yaşayır. Əgər bu ehtiyac qarşılanmırsa, yəni uşaq özünü anlaşılmamış, təcrid olunmuş və ya dəyərsiz hiss edirsə, bu, daxilində yığılan aqressiyanın artmasına gətirib çıxara bilər. Bu aqressiya isə bəzən daxilə yönələrək depressiv vəziyyət yaradır, bəzən isə xaricə yönələrək aqressiv davranışlara çevrilir”.

media-img-20260410-wa0040

E. Rüstəmov qeyd edir ki, nəzarətsiz rəqəmsal mühit, ailə problemləri və məktəbdə sosial-psixoloji çətinliklər yeniyetmələrdə aqressiyanın əsas risk faktorlarıdır:

“Müasir dövrdə bu prosesə təsir edən əlavə bir faktor da rəqəmsal mühitdir. İnternet üzərindən yayılan bəzi zərərli oyunlar, aqressiyanı normallaşdıran və ya hətta təhrik edən məzmunlar yeniyetmələrin psixikasına təsirsiz qalmır. Bəzi onlayn platformalarda və mobil tətbiqlərdə zorakılığı təşviq edən, empatiyanı zəiflədən və riskli davranışları “oyunlaşdıran” kontentlərlə qarşılaşmaq da mümkündür. Xüsusilə psixoloji olaraq həssas, sosial dəstəkdən məhrum və ya emosional gərginlik yaşayan yeniyetmələr bu cür təsirlərə daha açıq olurlar. Bu isə real həyat davranışlarına dolayı təsir göstərərək aqressiyanın sərhədlərinin bulanıqlaşmasına səbəb ola bilər. Bu məqamı şişirtmədən, lakin real risk kimi qəbul etmək vacibdir, çünki problem təkcə rəqəmsal kontentdə deyil, onun nəzarətsiz və filtrsiz şəkildə istehlak olunmasındadır. Belə hallarda ailədaxili münasibətlər xüsusi rol oynayır. Emosional soyuqluq, zorakılıq, laqeydlik və ya həddindən artıq sərt nəzarət uşağın psixikasında ciddi izlər buraxır. Uşaq özünü ifadə edə bilmədikdə və ya hisslərini bölüşmək üçün təhlükəsiz mühit tapmadıqda, bu hisslər yığılıb partlayış nöqtəsinə çata bilər. Eyni zamanda məktəb mühiti də burada mühüm rol oynayır. Bulinqə məruz qalmaq, müəllimlərlə konfliktli münasibətlər, akademik uğursuzluq və sosial təcrid yeniyetmədə özünə və ətraf mühitə qarşı düşmənçilik hissini gücləndirə bilər. Bəzi hallarda bu cür aqressiv davranışların arxasında psixoloji pozuntular da dayanır. Davranış pozuntuları, impuls nəzarətinin zəifliyi, travma sonrası stress reaksiyaları və ya digər klinik vəziyyətlər düzgün diaqnostika və müdaxilə olmadıqda riskli davranışlara səbəb ola bilər”.

Psixoloqun sözlərinə görə, uşaqlardakı davranış dəyişikliklərini vaxtında görüb ailə və məktəbin birgə, peşəkar psixoloji dəstək ilə erkən müdaxilə etməsi bu cür faciələrin qarşısını almağın əsas yoludur:

“Burada vacib məqam ondan ibarətdir ki, bu hallar adətən əvvəlcədən müəyyən siqnallar verir. Uşağın davranışında kəskin dəyişikliklər, sosial münasibətlərdən uzaqlaşma, aqressiv çıxışlar, emosional partlayışlar və ya həddindən artıq susqunluq diqqətdən qaçmamalıdır. Profilaktik baxımdan həm ailə, həm də məktəb sistemli və koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir. Ailədə açıq ünsiyyət mühiti yaradılmalı, uşaq dinlənilməli və onun emosiyaları ciddiyə alınmalıdır. Rəqəmsal mühitlə bağlı isə valideyn nəzarəti, yaşa uyğun məzmun seçimi və media savadlılığının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Valideynin rolu yalnız nəzarət deyil, eyni zamanda istiqamətverici və emosional dəstək olmaqdır. Məktəbdə psixoloji xidmət gücləndirilməli, şagirdlərin psixoloji vəziyyəti mütəmadi izlənilməli, risk qrupları vaxtında müəyyən olunmalıdır. Müəllimlər də bu prosesdə yalnız tədris edən deyil, eyni zamanda müşahidə edən və yönləndirən rolunda çıxış etməlidir. Ən vacib məqam isə odur ki, bu cür hadisələr baş verdikdən sonra reaksiya verməkdən daha çox, baş verməmişdən əvvəl qarşısını almağa yönəlmiş sistem qurulmalıdır. Bu, yalnız fərdi yanaşma ilə deyil, institusional və dövlət səviyyəsində psixoloji xidmətlərin gücləndirilməsi, maarifləndirmə işlərinin artırılması və erkən müdaxilə mexanizmlərinin tətbiqi ilə mümkündür. Cəmiyyət olaraq biz uşaqların davranışına yalnız nəticə mərhələsində deyil, prosesin əvvəlindən diqqət yetirməliyik”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər