media-inshot_20260219_222215249

Azərbaycanda sosial şəbəkələrdə sağ olan məşhurlar barədə saxta ölüm xəbərlərinin yayılması halları tez-tez müşahidə olunur. Bu cür yalan məlumatlar ictimaiyyətdə və pərəstişkarlar arasında ciddi narahatlıq yaradır.

Bu yaxınlarda meyxanaçı Orxan Lökbatanlının ölümü ilə bağlı yayılan əsassız xəbərlər də izləyicilərini təşvişə salmışdı. Daha sonra sənətçi sosial şəbəkələr vasitəsilə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirərək onları təkzib edib .

Niyə məşhurlar haqqında saxta ölüm xəbərləri tez-tez yayılır və bu cür məlumatları yayanlara qarşı hansı hüquqi və ya inzibati tədbirlər görülməlidir?

Bu barədə Report Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu Patrul.az-a açıqlamasında bildirib ki, məşhurlar barədə yayılan, xüsusilə saxta ölüm xəbərləri cəmiyyətdə sürətlə sensasiya yaradır və informasiya çaşqınlığına səbəb olur:

“Məşhur insanlar barədə yayılan xəbərlər cəmiyyətə həmişə maraqlıdır. Tanınmış insanın harada istirahət etməsindən tutmuş sosial mediada paylaşılan istənilən digər xəbəri daim müzakirə mövzusudur. Bu paylaşımların içində doğru olanı da var, yalan olanı da. Həm mətbuat, həm də adi insanlar məşhurları diqqətlə izləyir. Bəzən hansısa məşhur insanın hətta saxta ölüm xəbəri də sensasiya yaradır. Ölüm xəbərlərinin yalan çıxması, bəzən isə ölən insan barədə “hələ sağdır” deyilməsi bəzi səbəblərə bağlıdır”.

media-inshot_20260219_220936131

İ.Rafiqoğlu qeyd edir ki, texnoloji imkanlar və media arasında xəbər yarışı səbəbindən məşhurlar barədə ölüm xəbərləri bəzən dəqiqləşdirilmədən yayılır və saxta informasiyaya çevrilir:

“Tibb sahəsindəki texnoloji inkişaf bu gün istənilən şəxsi süni aparata qoşmaqla uzun müddət həyatda saxlamağa imkan verir. İnsan nə ölən kim ölür, nə də normal qaydada yaşaya bilir. Qohum-əqrəba arasında bəzən qarşıdurma yaranır, kimsə bu şəxsi ölmüş kimi bilib mətbuata məlumat sızdırır, digər yaxını isə israrla süni qurğu vasitəsi ilə onu həyatda saxlamağa çalışır. Media ölüm xəbərini kimdən alır? Ya tanınmış şəxsin yaxınlarından, ya da olduğu xəstəxananın həkimlərindən. Onlardan da gələn xəbər qeyri-dəqiq ola bilər. Belə sistemlər şəxsin ölüb-ölməməsinin aydınlaşdırılmasına problem yaradır.

Digər tərəfdən heç kəs xəbər yarışmasında rəqibinə uduzmaq istəmir. Hansısa məşhur barədə ölüm xəbəri yayılıbsa, deməli bunu paylaşmaq lazımdır. Xəbəri ya dəqiqləşdirmək olar, ya o dəqiqə kiməsə istinadla ötürmək. Heç də həmişə məsələnin kökünə gedib çıxmaq olmur. Beləliklə saxta ölüm xəbəri hər yerə yayılır”.

Mütəxəssisin sözlərinə görə, saxta ölüm xəbərlərinin qarşısını tam almaq çətin olsa da, məlumatı yalnız ciddi və məsuliyyətli xəbər mənbələrindən əldə etmək daha etibarlı yanaşmadır:

“Belə halların qarşısını almaq olarmı? Çətin məsələdir, çünki nəyisə aydınlaşdırmaq yalnız ciddi agentliklərin, brendini qorumağa çalışın xəbər ptatformalarının marağındadır. Digər qeyri-ciddi media qurumları, bloqçular və ya adi vətəndaşlar belə tip xəbərləri düşünmədən və yoxlamadan yayırlar. “Həyat fəaliyyətini dəstəkləyən aparatda olan insan ölüb və ya sağdır” sualının da birmənalı cavabı yoxdur. Çox zaman elə aparatda insanı bir neçə müddət saxlayıb sonra ayırmağa qərar verilir. Bu halda ilkin xəbəri verən mətbuat doğru məlumat verib ya yalan? Axı insan heç özünə gəlmədən vəfat edib.

Ölüm xəbərini yaxşı olar elə ciddi xəbər paylayıcılarından əldə edək. Bu halda bir qədər nisbətən sığortalanmış olarıq”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər