Nizami Kino Mərkəzi binasına ziyan vuranlarla bağlı araşdırmalara başlanıldı
Bakı şəhərində yerləşən Nizami Kino Mərkəzinin binasına naməlum şəxslər tərəfindən müdaxilə edilib.
Patrul.az xəbər verir ki, hadisə ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) birgə bəyanat yayıb.
Bildirilib ki, aprelin 1-dən 2-nə keçən gecə paytaxtın Bülbül prospekti 20 ünvanında yerləşən, ölkə əhəmiyyətli memarlıq abidəsi olan Nizami Kino Mərkəzinin binasının fasadı naməlum şəxs və ya şəxslər tərəfindən boya ilə yazılaraq korlanıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub, hadisənin başvermə şəraiti və əməli törədənlərin şəxsiyyəti müəyyənləşdirilir.
Qeyd olunub ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna əsasən, abidələrin korlanması və ya məhv edilməsi, onların toxunulmazlığını pozan hər hansı müdaxilə qadağandır və bu cür hallar hüquqi məsuliyyət yaradır.
Eyni zamanda bildirilib ki, artıq tarixi abidəyə vurulan ziyanın aradan qaldırılması və binanın ilkin görkəminə qaytarılması istiqamətində işlərə başlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli də faktı təsdiqləyib. Onun sözlərinə görə, Nəsimi rayonu ərazisində yerləşən binanın fasadına yazılar yazılması ilə bağlı araşdırma aparılır və hadisəni törədən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün tədbirlər görülür.







