media-inshot_20260416_142147110

Məlumumuzdur ki, Yaxın Şərqdə İsrailin İrana endirdiyi zərbələrə fevralın 28-dən ABŞ-nin də qoşulması regionda genişmiqyaslı hərbi əməliyyatların başlamasına şərait yaratdı. Tərəflər arasında 40 gün davam edən müharibə İranda hakimiyyət dəyişikliklərinə də səbəb oldu. Söhbət İranın ali dini lideri Ayətullah Əli Xameninin malikanəsinə endirilən zərbələr nəticəsində həlak olmasından, daha sonra isə martın 8-də onun yerinə ortancıl oğlu Müctəba Xamenenin keçməsindən gedir.

Müharibə heç kimə fayda gətirmədiyi kimi, hər iki tərəf – həm ABŞ, həm də İran itkilər verdilər. Amerika tərəfində əməliyyatın 40 günü ərzində 13 hərbçi həlak olub, 381 hərbçi isə yaralanıb. İranda isə itkilər daha çoxdur. Belə ki, ABŞ və İsrailin birgə hücumları nəticəsində ölənlərin ümumi sayı 3600 nəfəri keçib. Yaralıların sayının isə 20 000 civarında olduğu bildirilir.

Xameninin ölümündən sonra cihad müharibəsi elan edən Tehran hökumətinin intiqam məqsədilə ABŞ-nin Yaxın Şərqdə, xüsusilə Hörmüz boğazı ətrafındakı ölkələrdə yerləşən hərbi bazalarına zərbələr endirməsi müharibəni daha da genişmiqyaslı hala gətirdi. İranın beynəlxalq əhəmiyyətli Hörmüz boğazını bağlaması isə regiondakı vəziyyəti daha da gərginləşdirdi.

Bundan sonra nəhayət ki, Pakistan hökumətinin vasitəçiliyi ilə aprelin 8-də iki həftəlik atəşkəsi nəzərdə tutan 10 bəndlik sazişə razılıq verildi. Lakin atəşkəsdən sonra İsrailin Livana zərbələr endirməsi tərəflər arasında yenidən gərginliyin artmasına səbəb olub.

Nəhayət, aprelin 11-12-də Pakistanın paytaxtı İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa (üz-üzə) görüş keçirilib. 20 saatdan çox davam edən bu görüşdə əsas diqqət atəşkəsin qalıcı sülhə çevrilməsi, Hörmüz boğazının gəmilər üçün yenidən açılması, İranın nüvə proqramı və sanksiyaların dondurulması məsələlərinə yönəlib. Lakin görüş rəsmi saziş və ya memorandum imzalanmadan başa çatıb. Bir sözlə, hər iki tərəf bir-birini güzəştə getməməkdə ittiham etdi.

Hazırda ABŞ və İran arasında növbəti danışıqların keçirilməsi ilə bağlı müzakirələr aparılır. Tərəflər arasında əsas vasitəçi rolunu oynayan Pakistan hökuməti növbəti görüşün tarixinin hələ müəyyənləşdirilmədiyini açıqlayıb. ABŞ Prezidenti Donald Tramp isə mövcud vəziyyətin artıq sona yaxınlaşdığını bildirib.

Maraqlıdır ki, Vaşinqton-Tehran danışıqlarının növbəti mərhələsində uzunmüddətli sülhə nail olmaq mümkün olacaqmı, yoxsa 29 aprelədək qüvvədə olan atəşkəsin uzadılması daha real görünür?

Bu barədə Patrul.az-a politoloq Əlimusa fikirlərini bölüşüb.

O bildirib ki, hazırda Pakistan rəsmiləri tərəfləri yenidən bir masa arxasına gətirmək üçün səylərini davam etdirir:

“ABŞ-İran münasibətlərində yeni bir fəsil açılır – diplomatik danışıqlar kritik mərhələyə qədəm qoyur. ABŞ Prezidenti Donald Tramp müharibənin sona yaxınlaşdığını və strateji əhəmiyyətli Hörmüz boğazının yenidən açılacağını bildirir.

Okeanın o tayından gələn məlumatlara görə, həm ABŞ administrasiyası, həm də İranın İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən etibar edilən pakistanlı feldmarşal Asim Munir yüksək səviyyəli nümayəndə heyəti ilə birlikdə Tehrana səfər edib. Onun missiyası Vaşinqtonun mesajını İrana çatdırmaq və yaxın günlərdə gözlənilən birbaşa görüşə zəmin hazırlamaqdan ibarət olub.

İndiki həssas dönəmdə Munirin səfəri xüsusi əhəmiyyət daşıyır. Çünki Tehran elektron müşahidələrdən çəkinərək telefon və ya messencerlərdən istifadə etmir. Buna görə də Munirin heyəti Vaşinqtonun mesajını İranın xarici işlər naziri Abbas Əraqçiyə şəxsən təqdim edib və ikinci raund danışıqların hazırlıqlarını müzakirə edib”.

media-inshot_20260416_141853033

Ə. İbrahimov Donald Trampın proseslə bağlı səsləndirdiyi nikbin fikirləri də xatırladıb:

“Tramp nikbin bəyanatlar səsləndirib. Fox News jurnalisti Mariya Bartiromo əvvəlcə Trampın müharibənin “bitdiyini” elan etdiyinə dair məlumat vermişdi. Lakin tam müsahibədə daha incə mövqe ortaya çıxıb:

“Hesab edirəm ki, müharibə sona çox yaxındır. Mənim fikrimcə, sona çox yaxındır. Əgər indi İrana qarşı addımları dayandırsam belə, bu ölkəni bərpa etmək üçün onlara 20 il lazım olacaq”, – deyə o bildirib”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər