Obyekt sahiblərinin park qadağası harada qanuni, harada qeyri-qanuni sayılır? - CAVAB
Şəhər mərkəzində, ticarət və inzibati obyektlərin qarşısında tez-tez “Maşın saxlamaq qadağandır” və ya “Park etmək olmaz” yazıları ilə rastlaşırıq. Bu xəbərdarlıqlar bir tərəfdən sürücülərə xəbərdarlıq funksiyasını yerinə yetirir, digər tərəfdən isə obyekt sahiblərinin ərazisində nəzarət və məsuliyyət hissini göstərir.
Amma maraqlıdır ki, obyekt sahiblərinin öz mülkiyyətinin qarşısında avtomobillərin park edilməsini qadağan etmək hüquqi baxımdan necə tənzimlənir?
Bununla bağlı AR Vəkillər kollegiyasının üzvü Şəhram Şəmmədli Patrul.az-ın sualını cavablandırıb.
Onun sözlərinə görə,əgər obyekt qarşısındakı ərazi dövlət və ya bələdiyyə mülkiyyətidirsə və obyekt sahibinin sənədi yoxdursa, o, özbaşına parkı qadağan edə bilməz:
“Əgər obyekt qarşısında yerləşən əraziyə obyekt sahibinin sahiblik, istifadə və sərəncam hüququnu təsdiq edən hər hansı sənədi yoxdursa, həmin ərazi ictimai yolun və ya səkinin tərkib hissəsidirsə (obyektin qarşısı faktiki olaraq küçənin davamıdır, həmin sahə bələdiyyə və ya dövlət mülkiyyətindədir, yol hərəkətinin təşkili dövlət orqanlarının səlahiyyətindədir) belə hallarda obyekt sahibi özbaşına parklanmanı qadağan edə bilməz.Bu hal qeyri-qanunidir”.

Vəkil vurğulayır ki, əgər obyekt qarşısındakı ərazi sahibin xüsusi mülkiyyətidirsə, o, parkı qadağan edə və qanuni tədbir görə bilər:
“Əgər obyekt qarşısındakı ərazi obyekt sahibinin xüsusi mülkiyyətindədirsə, habelə torpaq sahəsi obyekt sahibinə məxsusdursa (çıxarış var) ,ərazi ictimai yolun tərkib hissəsi deyilsə onda mülkiyyətçi həmin ərazidə parklanmanı qadağan edə bilər. Bu, Azərbaycan Respublikası Konstitusiyası və Mülki Məcəllə ilə qorunan mülkiyyət hüququndan irəli gəlir və mülkiyyətçi öz əmlakından istifadə qaydasını müəyyən edə bilər. Buna görə də bu halda lövhə qanunidir, hətta fiziki baryer də qoya bilər , qanunsuz park edənə qarşı mülki iddia qaldıra bilər”.
Cəmilə Cəfərzadə






