Ölkəmizdə insanların zəifləyən immunitetini gücləndirmək üçün nə etmək lazımdır? - Mütəxəssisdən CAVAB
Son bir neçə ildə əhali arasında tez-tez xəstələnmə, halsızlıq və ümumi zəiflik halları geniş yayılıb. Xüsusən də, pandemiyadan sonra insanların immun sistemində zəifləmələr artıb. Bəs ölkəmizdə insanların immunitetini gücləndirmək üçün nə etmək lazımdır?
Bu barədə həkim diyetoloq, anti-age (yaşlanma əleyhinə) exspert Dr. Leyla Zülfüqarlı Patrulaz.az-a açıqlamasında bildirib ki, immun sisteminin zəifləməsinin əsas səbəbi hüceyrə daxilindəki gərginliyin artmasıdır:
“Ümumiyyətlə, qlobal miqyasda baxsaq, getdikcə insanların ümumi immun sistemi zəifləyir. Bunun əsas səbəblərindən biri ətrafımızda toksinlərin artması, həmçinin oksidativ stressin, yəni hüceyrə daxilində yaranan gərginliyin çoxalmasıdır. Hüceyrə səviyyəsində artıq yüklənmə baş verir. Bu da orqanizmdə sərbəst radikalların çox toplanmasına, nəticədə isə immun sisteminin əsas müdafiə mexanizmlərindən biri olan antioksidantların tükənməsinə səbəb olur. Ona görə də biz antioksidantları təbii yolla – sağlam qidalanma, təbii içkilər və keyfiyyətli həyat tərzi vasitəsilə bədənə bol şəkildə qəbul etməliyik. Lakin təəssüf ki, müasir dövrdə bu, tam mümkün olmur”.
L. Zülfüqarlının sözlərinə görə, “IV terapiya” adlı müalicə üsulu vasitəsilə immun sistemini gücləndirmək və bədənin xəstəliklərə qarşı daha dayanıqlı olmasını təmin etmək mümkündür:

“21-ci əsrin tibbində “IV terapiya” (vena daxilinə yüksək dozada vitamin, mineral və antioksidantların yeridilməsi) kimi müalicə üsulları geniş yayılıb. Bu terapiya vasitəsilə biz immun sistemini daha güclü, yəni “zirehli” hala gətiririk. Məsələn, son dövrdə güclü viruslara yoluxduğum halda, xəstəlik cəmi bir gün çəkdi. Çünki mən bu sahənin mütəxəssis həkimi olaraq anti-age (yaşlanma əleyhinə) terapiyalar vasitəsilə orqanizmin immun sistemini dəstəkləyirəm və bu, bədənə xəstəliklərə qarşı müqavimət qazandırır.
Bu yanaşmanı hər kəsə şamil etmək olar. Biz insanlara daim izah edirik ki, sağlam, gümrah və xəstəliklərə qarşı dözümlü olmaq üçün antioksidant balansını qorumaq vacibdir. Çünki orqanizmin müdafiəedici funksiyasının yüksək olması məhz bununla bağlıdır. Günümüzdə bu balansı təkcə qidalarla saxlamaq mümkün olmadığından, dəstəkləyici terapiyalarla da onu təmin etmək lazımdır”.
Cəmilə Cəfərzadə






