media-img_2225

Bu il aprelin 30-da Bakıda yerləşən “MedAura” klinikasında burun əməliyyatı keçirən Şəmkir sakini Nigar İlham qızı Budaqlı həkimlərin səhlənkarlığı səbəbindən koma (kliniki ölüm) vəziyyətinə düşüb. Onun yaxınlarının sözlərinə görə, əməliyyatı cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva icra edib.

Artıq 6 aydır ki, koma vəziyyətində olan N. Budaqlının yaxınları həkimlərin cəzalandırılmasını və dəymiş ziyanın ödənilməsini tələb edirlər.

Bu, “MedAura” klinikasında baş verən ilk belə hal deyil. Bundan öncə də klinika barədə dəfələrlə şikayətlər olub, əməliyyat zamanı ölüm halları yaşanıb.

Anesteziya edildikdən sonra ölüb…

“Bizim.Media” klinikada baş verən bu hadisələri araşdırıb.

25 oktyabr 2019-cu ildə “MedAura” klinikasında estetik əməliyyat olunan, 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva anesteziya edildikdən sonra dünyasını dəyişib.

2024-cü ilin aprelində paytaxt sakini Lətafət Məmmədova yanlış əməliyyat nəticəsində səhhətində ciddi problemlərlə üzləşib. Septoplastika, yəni burunda çəpər əyriliyinin düzəldilməsi əməliyyatından sonra onun şikayətləri azalmaqdansa, daha da artıb.

Nəticədə pasiyent ikinci dəfə əməliyyata girməli olub. Adətən 4-5 min manatdan başlayan ikinci əməliyyat səbəbindən L. Məmmədovaya ikiqat ziyan dəyib. Onu “MedAura” klinikasının həkimi Kəmalə Mirzəyeva əməliyyat edib.

Lisenziyasız fəaliyyət və ciddi pozuntular

6 avqust 2024-cü ildə Bakıda vətəndaşların şikayəti əsasında “MedAura” klinikasında aparılan yoxlama zamanı ciddi pozuntular aşkarlanıb.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən aparılan plandankənar yoxlama zamanı klinikada lisenziyadan kənar fəaliyyət (plastik cərrahiyyə) və sertifikatsız tibbi əməliyyatlar müəyyən edilib.

Nəticədə klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə protokol tərtib olunub.

İki əməliyyatı da uğursuz olub

18 dekabr 2024-cü ildə ixtisasca həkim olan bir pasiyent “MedAura” klinikasının baş həkimi Nigar Məhəmmədovaya müraciət edərək burnunun ucundakı ətliliyin incəldilməsini istəyib.

Lakin əməliyyatdan sonra onun burnu atrofiya olub, əyilib və toxumalarda nekrotik dəyişikliklər yaranıb. Bir müddət müalicədən sonra o, ikinci əməliyyatı da həmin klinikada etdirib. Bu dəfə əməliyyatı lor-həkim Yaqub Əhədi icra edib. Lakin ikinci əməliyyat da uğursuz nəticələnib.

Bundan sonra qadın bir müddət tibbi maska ilə yaşamalı olub. Digər klinikalar üçüncü əməliyyata görə 7–8 min manat tələb etdikləri üçün o, “MedAura”dan kompensasiya istəsə də, tələbi cavabsız qalıb.

Bədəni çürüyüb…

Bu il yanvarın 14-də vətəndaş Fərizə Hacıyeva “MedAura” klinikasında baş həkim Nigar Məhəmmədova tərəfindən bədən şəkilləndirmə əməliyyatı olunub. Lakin əməliyyatdan dərhal sonra onun bədənində çürümə prosesi başlayıb.

Araşdırma zamanı məlum olub ki, Nigar Məhəmmədova hazırda Kliniki Tibbi Mərkəzdə ümumi cərrah kimi çalışır.

Üzü tanınmaz hala düşüb…

Bu ilin 24 fevralında pasiyent Günay Məmmədova “MedAura” klinikasında baş həkim və plastik cərrah Nigar Məhəmmədovanın əməliyyatı nəticəsində tanınmaz hala düşüb.

Şikayətçinin sözlərinə görə, Nigar Məhəmmədova və köməkçisi Yaqub Əhədi onu aldadaraq 1 saatlıq korreksiya əməliyyatı adı ilə 4 saat narkoz altında saxlayıb və geniş əməliyyat aparıblar. Bir ay ərzində onu iki dəfə əməliyyata salıblar, xəbər vermədən qabırğa hissəsinə müdaxilə ediblər.

Çoxsaylı pasiyenti şikəst edən həkim iş başında?

12 iyun 2024-cü ildə Rusiya vətəndaşı Arzu Sadıqova “Mərcan” klinikasında, eyni zamanda “MedAura”nın baş həkimi olan Nigar Məhəmmədova tərəfindən abdominoplastika və liposaksiya əməliyyatı olunub.

Əməliyyatdan bir gün sonra pasiyentin vəziyyəti pisləşib və o, təkrar əməliyyata alınıb. Lakin qanaxma nəticəsində Arzu Sadıqova dünyasını dəyişib. Ailəsi onun sağlam olduğunu və ölümün həkim səhlənkarlığı səbəbindən baş verdiyini bildirib.

Klinikada külli miqdarda vergi borcu

Bu ilin oktyabr ayında məlum olub ki, “MedAura” klinikasının dövlətə 241 min 690,82 manat vergi borcu yaranıb.

Uğursuz əməliyyatlarla gündəmdə olan klinika niyə bağlanmır?

“MedAura” Klinikasının əsası 2010-cu ildə qoyulub. Dövlət Vergi Xidmətinin reyestr məlumatına görə, müəssisə vergi ödəyicisi kimi iki dəfə adını dəyişib — əvvəl “Nihat Klinika” MMC, 2018-ci ildən isə “MedAura” Klinika MMC adlandırılıb.

Klinika 2011, 2012, 2016, 2017, 2018, 2019, 2021, 2022, 2023 və 2024-cü illərdə vergi hesabatlarını vaxtında təqdim etmədiyi üçün inzibati qaydada cərimələnib.

Rəsmi sənədlərə əsasən, klinikanın qanuni təmsilçisi İsbiyev Mübariz Qabil oğlu, sahibi isə Nihat Zeynallıdır.

Qeyd edək ki, haqqında çoxsaylı şikayətlər olan Nigar Məhəmmədovanın adı Xüsusi Təftiş Komissiyasının qərarına əsasən, Azərbaycan ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti aparmaq icazəsi olan həkimlərin siyahısında yer almır.

Xatırladaq ki, Nigar Məhəmmədovanı bu ilin yayında Mirəzim Zaidov vəzifəsində əvəz edib.

Faktlardan da göründüyü kimi, xəstəxanada uğursuz əməliyyatların sayı kifayət qədərdir. Buna baxmayaraq, klinika fəaliyyətini davam etdirir.


Bənzər xəbərlər