“Onlar dəlidirlər” - ABŞ-də iki uşaq anasını öldürənlər daha bir qadına zorakı davranışlar sərgilədilər
ABŞ-də İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşlarının ABŞ vətəndaşlarına qarşı sərt davranışları davam edir.
Patrul.az sosial şəbəkələrdə yayılan videoya əsasən xəbər verir ki, ABŞ-də iki uşaq anasını avtomobilində öldürən İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları daha bir ABŞ vətəndaşına qarşı zorakı davranış nümayiş etdiriblər.
Üzü bağlı, əli silahlı bu şəxslər əvvəlki hadisədə olduğu kimi bu dəfə də avtomobili ilə hərəkətdə olan qadının yolunu kəsiblər. Onlar qadının avtomobilinin pəncərə şüşəsini sındırmağa cəhd ediblər.
Hadisəni təəccüblü və qorxulu şəkildə izləyən ABŞ vətəndaşı baş verənləri anbaan qeydə alıb.
“Məni həbs etmək istəyirlər. Bu, dəlilikdir. Bunun baş verdiyinə inana bilmirəm. Allah məni qorusun, mən onlara etibar etmirəm. Şüşəni sındıracaqlar, onlar dəlidirlər”, – deyə qadın ağlayaraq bildirib.
Məlumata görə, sözügedən şəxslər şüşəni sındırdıqdan sonra qadını həbs ediblər.
Qeyd edək ki, 7 yanvar 2026-cı il tarixində Minneapolisdə federal ICE əməliyyatı zamanı 37 yaşlı, iki uşaq anası olan ABŞ vətəndaşı Renee Nicole Good avtomobili ilə hərəkətdə olarkən polis agentləri ona yaxınlaşaraq maşından çıxmasını tələb ediblər. Agentin əməkdaşları avtomobilə yaxınlaşdıqdan sonra ICE əməkdaşlarından biri şüşədən içəri doğru atəş açıb. Nəticədə Good bir neçə güllə yarası alıb. O, hadisə yerində ağır yaralanaraq xəstəxanaya çatdırılsa da, həyatını itirib.
Federal rəsmilər atəşin özünümüdafiə məqsədi ilə açıldığını bildirsələr də, yayılan videolar və yerli rəsmilərin açıqlamaları bu versiyanı ciddi şəkildə təkzib edib. Minneapolis bələdiyyə rəhbərliyi və ictimai fəallar federal agentlərin davranışını sərt şəkildə tənqid ediblər.
Qətlin törədilmə səbəbi kimi ICE əməkdaşları immiqrasiya əməliyyatı apardıqlarını və əməliyyat zamanı qadının verilən əmrlərə tabe olmadığını bildiriblər. Lakin hadisə zamanı yalnız avtomobilində olan qadın özünün ABŞ vətəndaşı olduğunu da açıq şəkildə söyləyib.
Bundan əlavə, federal agentlərin digər zorakı davranışları – vətəndaşların yerə yıxılması, itələnməsi və bu anların videolarının yayılması sosial mediada geniş müzakirələrə səbəb olub.
Goodun öldürülməsindən sonra ABŞ-nin Illinois, New York, Boston, Los Angeles və digər böyük şəhərlərində ICE-ə qarşı yürüşlər, mitinqlər və etiraz aksiyaları keçirilib. Əvvəlcə yüzlərlə, daha sonra isə minlərlə insan küçələrə çıxaraq federal ICE əməliyyatlarını tənqid edərək, “Justice for Renee Good” (“Renee Good üçün ədalət”) şüarları səsləndiriblər.
Etirazçılar federal agentlərin məsuliyyətə cəlb edilməsini, ICE-in güc tətbiqi mexanizmlərinin tənzimlənməsini və daha humanist, ədalətli immiqrasiya siyasətinin həyata keçirilməsini tələb ediblər.
Gülbəniz Səfərova






