media-inshot_20251104_214729135

Paytaxtda, xüsusən də nəqliyyat sıxlığının müşahidə olunduğu ərazilərdə avtomobillərdən müxtəlif tonlarda siqnal səsləri eşidilir. Hətta, bəzi sürücülərin istifadə etdiyi siqnalların səsi operativ (xüsusi təyinatlı) nəqliyyat vasitələrinin siqnallarına bənzəyir.

Bəs, operativ siqnallara bənzər siqnalların adi nəqliyyat vasitələrinə quraşdırılması nə dərəcədə düzgündür?

Bu barədə nəqliyyat eksperti Aslan Əsədov Patrulaz.az-a açıqlamasında bildirib ki, xüsusi siqnalların adi maşınlara qoşulması düzgün deyil:

“Xüsusi səs siqnalları yalnız operativ nəqliyyat vasitələrinə qoşulmalıdır, digərlərinə qoşulması isə yolverilməzdir. Çünki bəzən elə hallar olur ki, hərəkət zamanı başqa bir nəqliyyat vasitəsi siqnal verdikdə, insan istər-istəməz özünü itirir, hisə qapılır və ən yaxşı halda qorxur. Buna görə də belə siqnalların istifadəsinə deyil, ümumiyyətlə satışına nəzarət olunması vacibdir. Çünki satışda olduqda istənilən şəxs onu asanlıqla əldə edə bilər. Hərçənd ki, onların sui-istifadə halları da mümkündür və buna yol verilməməlidir”.

media-media-inshot_20251028_194342780-yhjbc7

Ekspertin sözlərinə görə, siqnal yalnız zəruri hallarda verilməli, əks halda bu, inzibati məsuliyyət yarada bilər:

“Ehtiyac olmadan siqnal verilməsi ümumiyyətlə məsləhət deyil. Xüsusən də yaşayış məntəqələri və məktəblərin yaxınlığında. Bununla bağlı “Yol hərəkəti haqqında” qanunda da müddəa mövcuddur. Yol nişanları arasında da “Siqnal vermək qadağandır” nişanı təsbit olunub. İnzibati Xətalar Məcəlləsində isə bununla bağlı cərimə nəzərdə tutulur.

Bir sözlə, qanunla siqnallardan istifadəyə müəyyən hallarda qadağalar mövcuddur. Lakin siqnalın da elə halları var ki, onun verilməsi vacibdir – məsələn, sürücülərə və ya vətəndaşlara təhlükə barədə xəbərdarlıq məqsədilə. Yəni, bu məsələyə kompleks yanaşmaq lazımdır, mahiyyət etibarilə məsələ bundan ibarətdir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər