"Orada oyunun sonlarına yaxın azarkeşlər üçün oynayırlar" - Qurban Qurbanov
“İngiltərə sanki bir başqa futbol aləmidir. İngiltərə bütün dünya liqalarını üstələyir. Orada trend, azarkeş, sürət, mübarizə var”.
Patrul.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının “Turan Tovuz”la oyundan sonra keçirilən mətbuat konfransı zamanı deyib.
Baş məşqçi “Qarabağ”ın indiki pley-off-dakı rəqibi “Nyukasl”la komandasının keçmiş rəqibi “Liverpul”un 4:1 hesablı dünənki qalibiyyətli oyununu da şərh edib:
“Dünən yəqin “”Liverpul”la “Nyukasl”ın oyununa baxdınız. Matçın birinci hissəsində hakim bəlkə də oyunu bir-iki dəfə dayandırdı. Orada elə bir forma yaranır ki, oyunun sonlarına yaxın azarkeşlər üçün oynayırlar. Daha çox mübarizə, daha çox sürət, qol və hücumlar olsun”.
Mətbuat konfransı zamanı Q.Qurbanov yanvarın 29-da “Köhlən atlar”ın “Liverpul”a 6:0 hesabı ilə məğlub olduğu oyunda məyus görünməsi barədə də danışıb:
“90 dəqiqəyə baxsan, elə həmişə məyus kimi görünmüşəm. Şükürlər olsun Allaha ki, orada həm özümüz, həm klubumuz, həm də Azərbaycan futbolu üçün böyük bir mərhələyə çıxmağımıza, 10 xal toplamağımıza sevinməliyik. Amma hamımız məyus gəldik. İstər-istəməz rəsmən üzərimizə gəlirlər. Azarkeşlər hər şeyə fərqli yanaşır. Hardasa bu insana təsir edir. Hər birimizin həyatında hansısa məyusluq ola bilər. O məyusluq da gəlir üzərinə. Doğrudan da, baxsan, 90 dəqiqə ərzində bəzən emosiyalarımı göstərmişəm. Futbol elə bir oyundur ki, bir oyun qəhrəman olursan, o biri oyun tam əksi…”, – deyə baş məşqçi əlavə edib.






