Ordumuzun “1 nömrəli səfərbərlik” vəziyyətinə gətirilməsi nə deməkdir? - Hərbi ekspert AÇIQLADI
Məlum olduğu kimi, dünən İrana məxsus dronlarla Naxçıvan ərazisinə bir neçə zərbə endirilib. Bu çirkin təxribatın fonunda İranın ölkəmizdən üzr istəməsini gözləsək də, İran Silahlı Qüvvələrinin Baş Qərargahı törədilən əməli təkzib edib.
Hadisəyə Prezident, Ali Baş komandan İlham Əliyevin reaksiyası isə gecikmədi. Dövlət başçısı Təhlükəsizlik Şurasının iclasında bu təxribatı törədənlərin sərt şəkildə cəzalandırılacağını açıq şəkildə bəyan etdi. O cümlədən Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər bütün xüsusi təyinatlı qüvvələrin 1 nömrəli səfərbərlik vəziyyətinə gətirildiyini, onların istənilən əməliyyatı həyata keçirməyə hazır olduqlarını qətiyyətlə vurğulayıb.
Bəs “1 nömrəli səfərbərlik” ifadəsi konkret nə anlama gəlir?
Bununla bağlı Patrul.az-a politoloq, hərbi ekspert Rizvan Hüseynov öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, bu ifadə ordunun hər cür təxribatın qarşısını almağa tam hazır vəziyyətə gətirildiyini göstərir:
“”Əslində Ali baş komandan bütün lazimi göstərişləri görüb, nömrə 1 hazırlıq elan olunub. Əslində bu, Azərbaycanın maraqlarını və təhlükəsizliyini daha effektiv təmin etmək üçün qabaqlayıcı tədbirlərdir. Sərhəd boyu müdafiə zonamız mövcuddur”.

Hərbi ekspert qeyd edib ki, “1 nömrəli səfərbərlik” anlayışı birbaşa hərbi əməliyyatların başlanması demək deyil:
“1 nömrəli səfərbərlik o demək deyil ki, mütləq hərbi əməliyyatlara başlayacağıq. Burada əsas mesaj ondan ibarətdir ki, istənilən düşmən təxribatına cavab verməyə hazırıq. Bu, əslində bizə qarşı olan qüvvələrə ciddi siqnaldır ki, Azərbaycan proseslərin gedişində hər cür varianta hazırdır”.
R.Hüseynov qəbul edilən qərarı vaxtında verilmiş addım kimi qiymətləndirib:
“Fikrimcə, bu, vaxtında və yerində verilmiş qərardır. Bu qərar Azərbaycanın təhlükəsizliyinin güclü təminatlarından biridir. Yəni ordumuz nə qədər hazır və səfərbər vəziyyətdədirsə, bizə qarşı ehtimal olunan təxribatların baş vermə ehtimalı da bir o qədər azalır”.
Gülbəniz Səfərova






