Ötən il Bakı-Supsa boru kəməri ilə ixrac edilən neftin həcmi açıqlanıb
Ötən il Bakı-Supsa kəməri ilə neft nəqlinin həcmi 90 min ton təşkil edib.
Patrulaz.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi tərəfindən 2024-cü ildə görülmüş işlərə dair hesabatda deyilir.
Nazirliyin məlumatına görə, 2023-cü ildə “qərb” boru kəməri ilə neft ixracının həcmi 150 min ton təşkil edib. Beləliklə, 2024-cü ildə əvvəlki illə müqayisədə Bakı-Supsa boru kəməri ilə Azərbaycan neftinin ixracı 40 % azalıb.
Bildirildiyi kimi, Bakı-Supsa boru kəməri ilə neft nəqli 2022-ci ilin mart ayında dayandırılmışdı. Daha sonra aprelin 1-dən 17-dək boru kəmərində təmir-sazlama işləri aparılmış və neft nəqli bərpa edilmişdi – Supsa terminalından bir neçə yükləmə həyata keçirilmişdi. Daha sonra Supsa terminalından “Azeri Light” neftinin yüklənməsi üçün sifarişlərin olmaması səbəbindən “qərb” marşrutu ilə neft ixracı yenidən dayandırılmışdı.
Eyni zamanda, “BP-Azerbaijan” şirkəti bildirmişdi ki, Bakı-Supsa neft kəməri hazırda istifadə olunmur, “Azeri Light” markalı Azərbaycan neftinin ixracı Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə həyata keçirilir. Şirkət qeyd etmişdi ki, lakin Bakı-Supsa neft kəməri “dondurulmayıb və istənilən anda neft nəqlinə başlamaq üçün tam hazır vəziyyətdədir”.
Qeyd edək ki, Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. Boru kəmərinin uzunluğu 837 km, diametri 530 mm-dir. İldə 7,5 milyon ton neft ötürmə qabiliyyətinə malik boru kəməri “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə müqavilə çərçivəsində inşa edilib.