Bakıda bazarlar 50 ildən sonra tarixə qovuşacaq? – İqtisadçıdan AÇIQLAMA
Bakıda fəaliyyət göstərən ənənəvi bazarlar son illərdə supermarketlərin, onlayn alış-veriş platformalarının və çatdırılma xidmətlərinin sürətlə yayılması fonunda əvvəlki populyarlığını qoruya biləcəkmi? Mütəxəssislər hesab edir ki, gələcək 50 ildə paytaxt bazarlarının taleyi şəhərsalma, istehlakçı vərdişləri və texnologiyanın inkişafından asılı olacaq. Bəs ənənəvi bazarlar tamamilə tarixə qovuşa bilərmi?
Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki,yaxın 50 ildə Bakıda bazarların tamamilə yoxa çıxması real görünmür, lakin onların fəaliyyət modeli müasir tələblərə uyğun şəkildə dəyişəcək:
“Bakıda bazarların yaxın 50 ildə tamamilə yoxa çıxacağı ehtimalı çox aşağıdır. Ticarət vərdişləri dəyişsə də, bazarlar yalnız alış-veriş məkanı deyil, həm də yerli istehsalçı ilə alıcını birləşdirən və təzə məhsulların satıldığı ənənəvi ticarət formatıdır. Dünyanın bir çox böyük şəhərlərində supermarketlər və onlayn ticarət geniş yayılsa da, kənd təsərrüfatı məhsulları, ət, balıq, meyvə-tərəvəz və yerli ərzaq üçün bazarlar fəaliyyətini davam etdirir. Bununla belə, bazarların fəaliyyət forması dəyişə bilər. Gələcəkdə daha müasir infrastruktur, elektron ödəniş sistemləri, onlayn sifariş və çatdırılma xidmətləri, daha yüksək sanitariya standartları və rəqəmsal idarəetmə kimi yeniliklərin tətbiqi gözlənilir. Bu dəyişikliklər bazarların rəqabət qabiliyyətini artırmağa kömək edə bilər”.

İqtisadçı vurğulayır ki, supermarket və onlayn ticarətin inkişafı bazarların payını azalda bilər, lakin onların tamamilə moddan düşməsi gözlənilmir:
“Digər tərəfdən, iri supermarket şəbəkələrinin artması, elektron ticarətin inkişafı və istehlakçıların rahatlığa üstünlük verməsi ənənəvi bazarların payını müəyyən qədər azalda bilər. Lakin qiymət üstünlüyü, məhsulların təzəliyi və alıcıların formalaşmış alış-veriş vərdişləri bazarların tamamilə sıradan çıxmasının qarşısını alan əsas amillərdir. Ona görə də daha real ssenari bazarların yox olması deyil, dəyişərək yeni istehlakçı tələblərinə uyğunlaşmasıdır. Gələcəkdə onların sayı və formatı dəyişə bilər, lakin tamamilə moddan düşməsi və fəaliyyətini dayandırması hazırkı tendensiyalar fonunda inandırıcı görünmür”.
Cəmilə Cəfərzadə






