Təhsilin rəqəmsallaşdırılması: Fürsətlər və risklər - Ekspertdən AÇIQLAMA
Elm və təhsil naziri Emin Əmrullayev təhsil sahəsində rəqəmsallaşdırmanın nəzərdə tutulduğunu bildirib. Bu istiqamətdə atılacaq addımların tədris prosesinə necə təsir edəcəyi isə müzakirə mövzusudur. Rəqəmsallaşdırmanın təhsil üçün yarada biləcəyi üstünlüklər və mümkün risklərlə bağlı suallar yaranır.
Bəs təhsilin rəqəmsallaşdırılması şagirdlər, müəllimlər və ümumilikdə təhsil sistemi üçün hansı müsbət və mənfi nəticələrə səbəb ola bilər?
Bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Patrul.az-a açıqlamasında bildirib ki,təhsilin rəqəmsallaşdırılması həm təhsilin keyfiyyətini və əlçatanlığını artırır, həm də şagirdlərin müasir dövrün tələb etdiyi rəqəmsal bacarıqları inkişaf etdirməsinə imkan yaradır:
“Elm və təhsil naziri Emin Əmrullayevin təhsilin rəqəmsallaşdırılması ilə bağlı səsləndirdiyi fikirlər müasir dövrün tələblərindən irəli gəlir. Dünyada təhsil sistemləri sürətlə rəqəmsal transformasiya mərhələsinə keçid edir və Azərbaycan da bu prosesdən kənarda qala bilməz. Çünki bugünkü şagird artıq yalnız dərsliklə kifayətlənən deyil, texnologiyadan istifadə etməyi, məlumatı araşdırmağı və rəqəmsal bacarıqlara yiyələnməyi bacaran bir fərd kimi formalaşmalıdır. Təhsilin rəqəmsallaşdırılmasının müsbət tərəfləri kifayət qədər çoxdur. İlk növbədə, təhsildə əlçatanlıq imkanları genişlənir. Uzaq bölgələrdə yaşayan şagirdlər də keyfiyyətli tədris resurslarından istifadə etmək imkanı əldə edirlər. Elektron platformalar, rəqəmsal dərsliklər və onlayn resurslar müəllimlərin işini asanlaşdırır, qiymətləndirmə və monitorinq prosesinin daha şəffaf aparılmasına şərait yaradır. Eyni zamanda, fərdiləşdirilmiş təhsil imkanları yaranır. Müxtəlif rəqəmsal platformalar vasitəsilə hər bir şagirdin öyrənmə sürətinə və ehtiyaclarına uyğun tədris təşkil etmək mümkündür”.

Ə. Həsənli qeyd edir ki,rəqəmsallaşdırma əmək bazarı üçün vacib bacarıqlar qazandırsa da, müəllim-şagird ünsiyyətini və sosial inkişafı zəiflətməyəcək şəkildə tətbiq olunmalıdır:
“Digər mühüm məsələ ondan ibarətdir ki, əmək bazarında artıq rəqəmsal bacarıqlar əsas tələblərdən birinə çevrilib. Məktəblərdə rəqəmsal təhsil mühitinin formalaşdırılması gələcəkdə əmək bazarına daha hazırlıqlı, texnologiyalardan səmərəli istifadə edən insan kapitalının yetişməsinə xidmət edir. Lakin bu prosesin müəyyən riskləri və mənfi tərəfləri də var. Rəqəmsallaşdırma ənənəvi müəllim-şagird münasibətlərini tam əvəz etməməlidir. Təhsil yalnız informasiya ötürməkdən ibarət deyil, həm də şəxsiyyətin formalaşması, sosial bacarıqların inkişafı və mənəvi dəyərlərin aşılanması prosesidir. Həddindən artıq rəqəmsallaşma şagirdlərdə sosial ünsiyyətin zəifləməsinə, diqqət dağınıqlığına və texnologiyadan asılılığın artmasına səbəb ola bilər”.
Ekspertin fikrincə, təhsildə ən effektiv model rəqəmsal və ənənəvi tədrisin balanslaşdırıldığı hibrid yanaşmadır:
“Bundan əlavə, ölkənin bütün bölgələrində texniki imkanlar eyni səviyyədə deyil. İnternetə çıxış, texniki avadanlıq və rəqəmsal bacarıqlar baxımından müəyyən fərqlər mövcuddur. Əgər bu məsələlər paralel şəkildə həll edilməzsə, rəqəmsallaşdırma təhsildə bərabərsizliyi daha da dərinləşdirə bilər. Mən hesab edirəm ki, təhsilin gələcəyi tam rəqəmsal və ya tam ənənəvi modeldə deyil, hibrid yanaşmadadır. Texnologiya müəllimi əvəz etməməli, onun işini daha effektiv və keyfiyyətli təşkil etməsinə xidmət etməlidir. Rəqəmsallaşdırmanın əsas məqsədi tədrisin keyfiyyətini artırmaq, idarəetməni təkmilləşdirmək və şagirdləri gələcəyin çağırışlarına hazırlamaq olmalıdır. Bu proses düzgün planlaşdırılarsa, Azərbaycan təhsilinin inkişafı və rəqabət qabiliyyətinin artırılması baxımından mühüm nəticələr verə bilər”.
Cəmilə Cəfərzadə






