media-img-20260701-wa0094

Elm və təhsil naziri Emin Əmrullayevin qərarına əsasən, dərsdə ağıllı saatdan tutmuş mobil telefona qədər hər bir elektron cihazdan istifadə qadağan olunub. Şagirdlər bunlardan yalnız müəllimin icazəsi və nəzarəti altında, tədris məqsədləri üçün istifadə edə bilərlər.

Orta məktəblərdə telefondan istifadənin qadağan edilməsi təhsilin effektivliyini artıracaqmı?

Mövzu ilə bağlı Patrul.az-a danışan təhsil üzrə mütəxəssis Aidə Əliyeva bildirib ki, məktəblərdə mobil telefonlardan istifadə ilə bağlı yeni qaydaların qəbul edilməsinin həm müsbət, həm də mənfi tərəfləri var:

“Təbii ki,onun təsiri əsasən qaydanın necə tətbiq olunacağından asılı olacaq.

Müsbət tərəflər kimi dərs zamanı diqqət yayınmalarının azalmasını qeyd etmək olar. Araşdırmalar göstərir ki, telefondan gələn bildirişlər və ya cihazın sadəcə masanın üzərində olması belə diqqəti azalda bilir.

Həmçinin müəllimin sinfi idarə etməsi asanlaşır və sosial şəbəkələr, oyunlar və dərs zamanı gizli çəkiliş kimi problemlər azalacaq. Bundan başqa şagirdlər arasında üz-üzə ünsiyyət arta bilər.

Mənfi tərəflərə gəlincə isə telefon eyni zamanda güclü tədris vasitəsidir. Kalkulyator, lüğət, interaktiv testlər, sürətli məlumat axtarışı üçün faydalıdır. Rəqəmsal savadlılığın inkişafı yalnız kompüter sinifləri ilə məhdudlaşa bilər.

Valideynlərin övladları ilə operativ əlaqə imkanları məhdudlaşır, ancaq məktəb vasitəsilə də əlaqə saxlamaq mümkündür. Hər bir halda valideynlər narahatlıq keçirə bilər”.

media-img-20260701-wa0084

Mütəxəssis qeyd edib ki, dünya təcrübəsinə baxdıqda konkret vahid model yoxdur:

“Fransa məktəblərin böyük hissəsində mobil telefonlardan istifadəni məhdudlaşdırır. İtaliya son illərdə orta məktəblərdə qadağaları sərtləşdirib. Niderland isə ümumi qayda olaraq telefonları qadağan edib, lakin tibbi və ya tədris zərurəti üçün istisnalar saxlayır. Digər tərəfdən, Finlandiya və Estoniya kimi rəqəmsal təhsildə qabaqcıl ölkələrdə telefonlardan müəllimin nəzarəti altında tədris aləti kimi istifadə olunur. Bu ölkələrdə əsas vurğu “telefon azadlığı”na deyil, “idarə olunan istifadəyə” edilir.

Azərbaycanda tətbiq edilən modelin nə dərəcədə müasir olduğuna gəldikdə isə deyə bilərik ki,qaydaya baxanda tam qadağadan çox məhdudlaşdırılmış istifadə modeli görünür. Çünki sənəddə müəllimin icazəsi ilə tədris məqsədilə və fövqəladə hallarda cihazlardan istifadəyə icazə verilir. Bu, “telefon heç vaxt məktəbə gətirilə bilməz” modelindən fərqlənir”.

Müasir təhsil yanaşması baxımından ən balanslı modelin adətən belə hesab olunduğunu söyləyən A.Əliyeva əlavə edib:

“Dərs zamanı telefonlardan sərbəst istifadə yoxdur,müəllim planlaşdırılmış fəaliyyət üçün istifadəyə icazə verə bilir və fasilələr və ya müəyyən yaş qrupları üçün ayrıca qaydalar müəyyən edilir.

Bu yanaşma həm diqqəti qoruyur, həm də rəqəmsal bacarıqların inkişafını tam dayandırmır.

Əgər məktəblərdə kifayət qədər kompüter, planşet, internet və rəqəmsal resurslar varsa, dərs zamanı şəxsi telefonların məhdudlaşdırılması tədris keyfiyyətinə müsbət təsir göstərə bilər. Əgər bu infrastruktur zəifdirsə və müəllimlər bəzən telefonu tədris vasitəsi kimi istifadə edirdilərsə, qadağa bəzi imkanları da məhdudlaşdıra bilər.

Beləliklə, məsələ “telefon var, ya yoxdur”dan daha çox “texnologiya təhsildə necə istifadə olunur” sualından asılıdır. Qaydanın müəllimə tədris məqsədilə istisna verməsi onu tam qadağa modelindən daha çevik edir, lakin uzunmüddətli nəticə məktəblərin rəqəmsal imkanları və müəllimlərin bu imkanlardan necə istifadə etməsi ilə müəyyən olunacaq”.

Ləman Sərraf


Bənzər xəbərlər