“Azərbaycanda 8 saatlıq iş rejiminin dəyişdirilməsinə ciddi zərurət yoxdur” - DEPUTAT
Son illər dünyada iş saatlarının azaldılması ilə bağlı müzakirələr daha da intensivləşib. Xüsusilə işçilərin psixoloji yorğunluğu, stress səviyyəsinin artması və iş-həyat balansının qorunması məsələləri bir çox ölkələrdə yeni əmək modellərinin tətbiqini gündəmə gətirib. Aparılan araşdırmalar göstərir ki, bəzi hallarda iş saatlarının azaldılması əmək məhsuldarlığına mənfi deyil, əksinə müsbət təsir göstərə bilər. Bir sıra Avropa ölkələrində və beynəlxalq şirkətlərdə artıq 6 saatlıq iş günü və ya daha çevik iş rejimləri pilot şəkildə tətbiq olunur. Bu fonda Azərbaycanda da iş saatlarının azaldılması imkanları, əmək bazarının buna nə dərəcədə hazır olması və belə bir modelin iqtisadiyyata mümkün təsirləri maraq doğuran məsələlərdən birinə çevrilib.
Azərbaycanda iş saatı azaldıla bilərmi?
Mövzu ilə bağlı Patrul.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, son illər dünyanın müxtəlif ölkələrində iş saatlarının azaldılması ilə bağlı müzakirələr genişlənib:
“Bunun əsas səbəbləri işçilərin psixoloji yorğunluğunun artması, iş-həyat balansının qorunması və əmək məhsuldarlığının yüksəldilməsi ilə bağlı yeni yanaşmalardır. Bununla belə, beynəlxalq təcrübəyə baxdıqda görürük ki, hazırda heç bir ölkədə 8 saatlıq iş gününün ümumi qaydada 6 saatlıq iş günü ilə əvəz edilməsini məcburi edən vahid qanunvericilik modeli qəbul olunmayıb. Ayrı-ayrı ölkələrdə və şirkətlərdə tətbiq olunan pilot layihələrin nəticələri isə hələ də qiymətləndirilir.
Azərbaycanda da gündəlik 8 saatlıq iş rejiminin 6 saata endirilməsi ilə bağlı hər hansı qanunvericilik təşəbbüsü və ya rəsmi müzakirə gündəmdə deyil. Mən hesab edirəm ki, hazırkı mərhələdə Əmək Məcəlləsində nəzərdə tutulmuş 8 saatlıq iş günü ölkəmizin əmək bazarı və iqtisadi reallıqları baxımından optimal hesab oluna bilər”.

Millət vəkilinin sözlərinə görə, iş vaxtının azaldılmasının yalnız işçinin daha az işləməsi demək olmadığını nəzərə almaq lazımdır:
“Bu, eyni zamanda əmək məhsuldarlığı, istehsalın həcmi, xidmət sektorunun fəaliyyəti, işəgötürənlərin əlavə xərcləri, əməkhaqqı siyasəti və sosial təminat sistemi kimi bir çox istiqamətə təsir göstərən kompleks məsələdir. Xüsusilə istehsal, tikinti, nəqliyyat, səhiyyə və xidmət sektorlarında iş saatlarının ümumi şəkildə azaldılması müəssisələrin fəaliyyətinə və iqtisadi göstəricilərə müəyyən təsirlər yarada bilər.
Digər tərəfdən, bəzi sahələrdə çevik iş qrafikinin, məsafədən iş modelinin və ya nəticəyönümlü əmək təşkilinin tətbiqi daha səmərəli ola bilər. Bu yanaşmalar işin xüsusiyyətindən asılı olaraq həm işçilərin məmnunluğunu artıra, həm də məhsuldarlığa müsbət təsir göstərə bilər. Lakin belə modellərin bütün iqtisadiyyat üzrə eyni qaydada tətbiqi hazırkı şəraitdə məqsədəuyğun görünmür”.
Müsahibimiz hesab edir ki, Azərbaycanda hazırda gündəlik 8 saatlıq iş rejiminin dəyişdirilməsinə ciddi zərurət yoxdur:
“Gələcəkdə iqtisadi inkişaf, rəqəmsallaşma, avtomatlaşdırma və əmək məhsuldarlığının artması fonunda bu məsələ yenidən qiymətləndirilə bilər. Ancaq belə qərarlar yalnız geniş iqtisadi təhlillər, əmək bazarının vəziyyəti və sosial tərəfdaşların rəyi nəzərə alınmaqla qəbul edilməlidir”.
Ləman Sərraf






