“Bu addım İsrailin Türkiyəyə təzyiq göstərmək cəhdi kimi qiymətləndirilə bilər” - ŞƏRH
İsrail hökuməti 1915-ci il hadisələrini rəsmi şəkildə “erməni soyqırımı” kimi tanıyan qərarı təsdiqləyib.
Bu barədə İsrail Xarici İşlər Nazirliyi bəyanat yayıb.
İsrailin “erməni soyqırımı”nı tanıması nəyin göstəricisidir?
Patrul.az mövzu ilə bağlı politoloq Rəşad Bayramovun fikirlərini öyrənib.
Onun sözlərinə görə, İsrailin qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsini təsdiqləyərək Knessetə göndərməsi tarixi hadisələrin hüquqi və ya siyasi müstəvidə interpretasiyası üzərindən yeni gərginlik xətləri yaradır:
“Nəticədə təkcə ikitərəfli deyil, daha geniş regional münasibətlər sisteminə təsir göstərir. Uzun illər ərzində bu məsələyə son dərəcə ehtiyatlı yanaşan İsrailin məhz indiki mərhələdə belə bir qərar verməsi onun xarici siyasət prioritetlərində baş verən dəyişikliklərin göstəricisi kimi dəyərləndirilə bilər.
Əvvəlki dövrlərdə İsrail bu məsələdə balanslı mövqe tutmağa çalışırdı. Bunun əsas səbəbi regional təhlükəsizlik maraqları idi. Hətta müxtəlif siyasi dairələrdə bu məsələnin tanınması təşəbbüsləri irəli sürülsə də, hökumətlər diplomatik nəticələri nəzərə alaraq ehtiyatlı davranırdılar. Lakin son illərdə, xüsusilə Qəzza müharibəsindən sonra Ankara ilə Təl-Əviv arasında münasibətlərin ciddi şəkildə pisləşməsi bu yanaşmanı dəyişən əsas amillərdən biri oldu. Bu baxımdan, qərarın məhz indiki geosiyasi şəraitdə qəbul olunması təsadüfi deyil”.

Bu addımın, ilk növbədə, İsrailin Türkiyəyə təzyiq göstərmək cəhdi kimi qiymətləndirildiyini vurğulayan R.Bayramov əlavə edib:
“Ankara son aylarda İsrailin siyasətini ən sərt tənqid edən dövlətlərdən biri kimi çıxış edir və tərəflər arasında diplomatik münasibətlərdə dərin etimad böhranı yaşanır. Belə şəraitdə uzun illər gündəmə gətirilməyən tarixi məsələnin rəsmi səviyyədə irəli çəkilməsi göstərir ki, Təl-Əviv artıq əvvəlki diplomatik məhdudiyyətləri öz xarici siyasətində həlledici amil hesab etmir. Yəni burada geosiyasi hesablamaların mühüm rol oynadığı aydın görünür.
Qərarın Cənubi Qafqaz baxımından da müəyyən siyasi əhəmiyyəti var. Azərbaycan və Türkiyə bu məsələyə prinsipial yanaşma nümayiş etdirərək etirazlarını rəsmi şəkildə ifadə ediblər. Bu isə göstərir ki, 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi Türkiyə ilə yanaşı Azərbaycan tərəfindən də həssas məsələ kimi qəbul olunur”.
“Digər tərəfdən, İsrail bu qərarla Qərb ölkələrinin son illərdə formalaşdırdığı siyasi tendensiyaya da müəyyən mənada yaxınlaşmış olur. ABŞ və bir sıra Avropa dövlətlərinin oxşar qərarlar qəbul etməsindən sonra İsrailin də bu istiqamətdə addım atması beynəlxalq siyasi mühitdə öz mövqeyini yenidən müəyyənləşdirmək cəhdi kimi də qiymətləndirilə bilər.
Odur ki, İsrail hökumətinin bu qərarına tarixi hadisələrin qiymətləndirilməsi kimi yox, dəyişən regional və beynəlxalq geosiyasi reallıqlar fonunda verilmiş çoxşaxəli siyasi qərar kimi baxmaq lazımdır”,- deyə o, fikirlərini yekunlaşdırıb.
Ləman Sərraf






