Fotoşəkilə baxıb qızılın qiyməti necə müəyyən edilir? - Vəkil sual qaldırdı
30 saylı Vəkil Bürosunun vəkili Ramil Vəliyev sosial şəbəkə hesabında qızıl-zinət əşyalarının tələbi ilə bağlı məhkəmə işlərində formalaşmış təcrübəni tənqid edib.
Patrul.az xəbər verir ki, vəkil bəzi hallarda məhkəmələrin yalnız fotoşəkillər əsasında hazırlanmış qiymətləndirmə rəylərinə istinad edərək qərarlar qəbul etdiyini bildirib və bunun hüquqi baxımdan ciddi suallar doğurduğunu vurğulayıb.
“Bir neçə ildir ki, məhkəmələrdə yanlış bir təcrübə formalaşıb. Bu barədə qısa məlumat vermək istəyirəm.
Qızıl-zinət əşyalarının tələbi ilə bağlı işlərə baxılarkən məhkəmələrdə yalnız fotoşəkillərə baxılır və həmin şəkillər əsasında qızılların dəyərinin müəyyən edilməsi üçün iş özəl qiymətləndirici şirkətlərə göndərilir. Maraqlıdır ki, həmin şirkətlər bəzi hallarda yalnız qızılların şəkillərinə, bəzi hallarda isə tərəfin təqdim etdiyi şifahi məlumatlara əsaslanaraq onların dəyərini müəyyən edirlər.
Burada haqlı sual yaranır: qızılın özü olmadığı halda, yalnız şəklinə baxaraq onun çəkisi, əyyarı və ümumi dəyəri necə müəyyən edilə bilər?
Buna baxmayaraq, əksər hallarda məhkəmələr bu cür iddiaları təmin edirlər. Yəni mövcudluğu sübuta yetirilməmiş qızıl-zinət əşyaları ilə bağlı yalnız fotoşəkillərə əsaslanaraq qərarlar qəbul olunur.
Bir neçə il əvvəl Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi məhkəmələrə icmal məktubu göndərmişdi. Həmin məktubda qeyd olunurdu ki, fotoşəkillər əsasında qızılın əyyarını, çəkisini və dəyərini müəyyən etmək mümkün deyil. Bu səbəbdən də məhkəmələrə tövsiyə olunmuşdu ki, belə işlər ekspertiza üçün Mərkəzə göndərilməsin.
Lakin hazırda qiymətləndirmə fəaliyyəti ilə məşğul olan özəl şirkətlər rahat şəkildə yalnız şəkillər əsasında rəy verirlər.
Sadəcə formalaşmış məhkəmə təcrübəsinə istinad etməklə bu cür iddialara baxılması və hakimin yalnız mövcud praktikaya əsaslanaraq qərar qəbul etməsi qanuni və əsaslı hesab oluna bilməz.
Praktika göstərir ki, əvvəllər müxtəlif kateqoriyalı işlər üzrə formalaşmış məhkəmə təcrübələri sonradan Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin qərarları ilə dəyişdirilib və həmin təcrübələrin yanlış olduğu ortaya çıxıb.
Hesab edirəm ki, qızıl-zinət əşyaları ilə bağlı işlər üzrə də gələcəkdə müvafiq hüquqi mövqe formalaşdıqdan sonra bu məsələ öz düzgün həllini tapacaq.”






