Hansı vərdişlər beyni vaxtından əvvəl yorur? - Psixoloq Açıqladı
Müasir həyatın sürətli tempi, davamlı informasiya axını və gündəlik stress bir çox insanın gün ərzində özünü zehni cəhətdən yorğun hiss etməsinə səbəb olur. Mütəxəssislər bildirirlər ki, bəzi gündəlik vərdişlər beynin fəaliyyətini zəiflədərək diqqət, yaddaş və qərarvermə qabiliyyətinə mənfi təsir göstərə bilər.
Bəs hansı vərdişlər beyni vaxtından əvvəl yorur və bu vəziyyətin qarşısını almaq üçün nələrə diqqət etmək lazımdır?
Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki,yuxusuzluq, davamlı stress və həddindən artıq ekran istifadəsi beynin fəaliyyətini zəiflədən əsas gündəlik vərdişlərdəndir:
“Beyni vaxtından əvvəl yorğunlaşdıran amillər təkcə yaşlanma ilə bağlı deyil. Gündəlik həyat tərzi, psixoloji vəziyyət və mühit faktorları da beynin funksional ehtiyatlarını azalda, diqqət, yaddaş və qərarvermə qabiliyyətini zəiflədə bilər. Müasir elmi araşdırmalar göstərir ki, bəzi vərdişlər uzun müddət davam etdikdə koqnitiv performansın azalmasına və gələcəkdə neyrodegenerativ xəstəliklərin riskinin artmasına səbəb ola bilər. Ən ciddi risk yaradan vərdişlərdən biri xroniki yuxu çatışmazlığıdır. İnsan beyni yuxu zamanı gün ərzində topladığı məlumatları emal edir, sinir hüceyrələri arasında əlaqələri gücləndirir və zərərli metabolik məhsulları xaric edir. Davamlı olaraq gec yatmaq, yuxunu yarımçıq almaq və ya keyfiyyətsiz yatmaq diqqət zəifliyi, yaddaş problemləri və emosional gərginlik yaradır. Uzunmüddətli perspektivdə bu vəziyyət beynin qocalmasını sürətləndirə bilər. Davamlı stress də beynin əsas düşmənlərindən biridir. Stress hormonlarının uzun müddət yüksək qalması yaddaşın formalaşmasında mühüm rol oynayan beyin strukturlarına mənfi təsir göstərir. Belə insanlar daha tez yorulur, qərar verməkdə çətinlik çəkir, unutqanlıq yaşayır və emosional tükənmə hiss edirlər. Rəqəmsal asılılıq və fasiləsiz ekran istifadəsi də son illərdə ciddi problemə çevrilib. Sosial şəbəkələrdə davamlı olaraq qısa və sürətli məlumat axınına məruz qalmaq beyni daimi stimul gözləyən vəziyyətə salır. Nəticədə insanın uzun müddət diqqətini bir mövzu üzərində cəmləməsi çətinləşir, dərin düşünmə və analiz qabiliyyəti zəifləyir. Bu, xüsusilə uşaqlar və yeniyetmələr üçün daha böyük risk hesab olunur”.

Psixoloqun sözlərinə görə, keyfiyyətli yuxu, sağlam qidalanma, fiziki aktivlik, zehni məşğuliyyət və güclü sosial əlaqələr beynin sağlamlığını qoruyan əsas amillərdir:
“Fiziki hərəkətsizlik də beynin sağlamlığına mənfi təsir göstərir. Daim oturaq həyat tərzi keçirən insanlarda beyinə gedən qan dövranı zəifləyir, oksigen təminatı azalır və bu da koqnitiv funksiyaların aşağı düşməsinə səbəb ola bilər. Müntəzəm fiziki aktivlik isə əksinə, yeni sinir əlaqələrinin yaranmasını dəstəkləyir və yaddaşı gücləndirir. Qeyri-sağlam qidalanma da mühüm risk faktorudur. Siqaret və alkoqoldan sui-istifadə də sinir sistemi üçün ciddi təhlükə yaradır. Bu maddələr beyinə gedən qan dövranını pozur, sinir hüceyrələrinin zədələnməsini sürətləndirir və yaddaş pozuntularının yaranma riskini artırır.
Beyin yalnız məlumat qəbul etməklə deyil, həm də öyrənməklə və inkişaf etməklə sağlam qalır. Yeni biliklər öyrənməmək, kitab oxumamaq, intellektual fəaliyyətlə məşğul olmamaq və monoton həyat tərzi keçirmək beynin elastikliyini azaldır. Xarici dil öyrənmək, musiqi ilə məşğul olmaq, şahmat oynamaq, elmi və bədii ədəbiyyat oxumaq kimi fəaliyyətlər isə beynin aktiv qalmasına kömək edir. Sosial təcrid də diqqətdən kənarda qalmamalıdır. İnsan sosial varlıqdır və keyfiyyətli ünsiyyət beynin emosional və koqnitiv sağlamlığı üçün vacibdir. Uzun müddət tək qalmaq, sosial əlaqələrin zəifləməsi və tənhalıq hissi həm depressiya riskini artırır, həm də koqnitiv zəifləməni sürətləndirə bilər. Beynin sağlam qalması üçün möcüzəvi bir üsul yoxdur. Keyfiyyətli yuxu, müntəzəm fiziki aktivlik, sağlam qidalanma, stressin düzgün idarə olunması, sosial münasibətlərin qorunması və ömürboyu öyrənməyə açıq olmaq beynin funksional ehtiyatını qoruyan ən güclü elmi əsaslandırılmış yanaşmalardır. Beyin də digər orqanlar kimi gündəlik qayğı tələb edir. Ona nə qədər düzgün yatırım etsək, həm məhsuldarlığımız, həm də həyat keyfiyyətimiz bir o qədər yüksək olacaq”.
Cəmilə Cəfərzadə






