"Tıxac bəhanəsi ilə təhlükə yaratdı: BMW sürücüsünün hərəkəti qınaq doğurdu" - VİDEO
Patrul.az redaksiyasına müraciət edən izləyicimizin təqdim etdiyi videogörüntülərdə 30.06.2026-cı il tarixində, saat 19:12 radələrində Azneft dairəsindən Bayıl qəsəbəsi istiqamətində hərəkət edərkən 10-EQ-828 dövlət qeydiyyat nişanlı BMW markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu və qəza şəraiti yaratdığı iddia olunur.
Videogörüntülərdən aydın görünür ki, svetaforun qırmızı işığında digər nəqliyyat vasitələri hərəkətin bərpasını gözlədiyi halda, BMW sürücüsü yalnız sola dönmək üçün nəzərdə tutulmuş hərəkət zolağı ilə irəliləyərək anidən sağa dönür və tıxacda növbəni pozaraq önə keçməyə çalışır. Digər sürücülər ona üstünlük vermədikdə isə aqressiv davranış nümayiş etdirir.
İddialara görə, BMW sürücüsü daha sonra şikayətçinin avtomobilini sıxaraq qəza şəraiti yaradır, ardınca onun qarşısına keçərək bir neçə dəfə ardıcıl şəkildə kəskin əyləcləmə edir. Bu hərəkətlər həm şikayətçinin, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini ciddi risk altına qoyur.
Yol hərəkəti qaydalarına hörmət etmək hər bir sürücünün borcudur. Tıxacdan yayınmaq və ya bir neçə avtomobili ötmək naminə insanların həyatını təhlükəyə atmaq nə qanun, nə də vicdan qarşısında qəbulolunandır.
Patrul.az ümid edir ki, aidiyyəti qurumlar təqdim olunan videogörüntüləri araşdıracaq, qeyd olunan faktlara hüquqi qiymət veriləcək və belə məsuliyyətsiz hərəkətlərə qarşı müvafiq tədbirlər görüləcək.






