Məhərrəm ayında özunə zülm etmək olar?- İslamda nə deyilir?
“İslam dininə görə istənilən faciə, ölüm hadisəsi zamanı yaxud onun sonrakı illərdə xatırlanması zamanı ağlaşma təşkil etmək, sinə döymək, ümumiyyətlə özünü tənbeh etmək, xəsarət yetirmək, dini nikbin deyil, bədbin ruhda təqdim edərək Quranın əmrlərini təhrif etmək birbaşa haram və qadağandır. İslam dinində insanın özünə zülm etməsi ən böyük küfr, günah sayılır”.
Bu fikirləri Patrul.az-a Məhərrəm ayında insanın özünə zülm etməyin İslamda necə qəbul olunduğu barədə şərh edərkən ilahiyyatçı Tural İrfan səsləndirib.
O vurğulayıb ki, Məhərrəm ayında normal şəkildə, İslamın və Peyğəmbərin buyurduğu ənənə ilə Həzrət Hüseyn yad edilməlidir:
“Bu hadisəni orta əsrlərdə siyasi məqsədlər üçün istifadə ediblər. Siyasi aksiya, rəqibə güc nümayişi formasına salıblar, Səfəvilər dövründən də bizə gəlib çatıb. Halbuki İslamda bu formada ölü yad etmək forması yoxdur. Bu, farsların və İmam Hüseyni çağırıb sonra da öldürən o dövrki İraq əhlinin peşmançılıq hissinin təzahürüdür. Məlumdur ki, bir adam böyük səhv edəndən sonra peşman olub dizinə, başına döyür. Bu ənənə də Kufə şəhərindən İmam Hüseynin tərəfdarlarının ona çoxsaylı məktub yazıb çağıraraq sonra da əks tərəfə keçib şəhid edənlərdən əsasını götürüb. Sonra da məqsədli şəkildə farslar tərəfindən inkişaf etdirilib siyasi etiraz aksiyasına çevrilib. İmam Hüseyni çağırıb tələyə salıb öldürən tərəfdarları sonra Həzrət Hüseynin sağ qalan oğlu İmam Zeynəlabidin tərəfindən lənətləndiklərində peşman olub qəbrin üstünə toplaşdılar və Kərbəla əhlini qırdıqları qılınclarla, onları əsir etdikləri zəncirlərlə başlarına, kürəklərinə döydülər. Qılıncı, zənciri olmayan da əli ilə başına, sinəsinə döyüb saçını, saqqalını yolmağa başladı”.

T.İrfan, bu faktların Seyid bin Tavusun həmin hadisədən bəhs edən “Luhuf” kitabında ətraflı qeyd olunduğunu bildirib:
“Ümumiyyətlə bu mərasim tamamilə təhrif olunmuş və dinə aidiyyəti olmayan şəkil almışdır. İmam Hüseynin sağ qalan yaxınları onun şəhadətindən sonra əsla özünü döyməyib, özünə və cəmiyyətə zülm etməyib. Bunu xəyanət edib sonra peşman olan kufəlilər edib. Təəssüf ki, məqsədli şəkildə İmam Hüseynin övladlarının ona yas tutma ənənəsi deyil, onu öldürüb sonda da peşman olub başına döyənlərin ənənəsi gəlib çatıb”.
Ləman Sərraf






