Paşinyan taxtını qorumaq üçün Azərbaycanla sülhü gündəmə gətirir? - ŞƏRH
Ermənistanda hazırda taxt-tac uğrunda ciddi mübarizə gedir. Bu səbəbdən Baş nazir Nikol Paşinyan seçkilərə yaxın tez-tez çıxışları ilə gündəmə gəlir.
Dünən də Paşinyan “Vətəndaş Müqaviləsi” partiyasının seçki platformasının təqdimatı zamanı Azərbaycanla sərhədlərin delimitasiyası məsələsinə toxunub. O, 2024-cü ilin noyabr ayında ölkəmizə təklif etdiyi “strateji razılaşma”nın mahiyyətindən danışıb.
Razılaşmaya görə, Paşinyan tərəfləri bir-birinin daxili işlərinə qarışmamağa və keçmiş iddialardan tam imtina etməyə çağırıb. Maraqlıdır ki, o, sülhə aparan yeganə yolun Alma-Ata Bəyannaməsi əsasında qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və tərəflərin “bir-birini tək buraxması” olduğunu söyləyib.
“Artıq kimin harada yaşadığını, kimin nəyə sahib olduğunu araşdırmayacağıq. Bu mövzunu tam bağlayırıq. Hər kəsin öz həqiqəti var və düşünməməliyik ki, beynəlxalq ictimaiyyət bu həqiqətləri paylaşanda bizi alqışlayacaq”, – Paşinyan bildirib.
Maraqlıdır ki, Baş nazir iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərinə yaxın yenidən hansı səbəblə 2024-cü ildə Azərbaycana təklif etdiyi razılaşmanı gündəmə gətirir? Bu razılaşmanın əsas mahiyyəti nədən ibarətdir?
Bununla bağlı Patrul.az-a politoloq Rəşad Bayramov öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, Paşinyanın seçkilərə yaxın bu məsələni gündəmə gətirməsində əsas məqsədi xalqına və beynəlxalq ictimaiyyətə müharibədən uzaq, sülhə meyilli olduğunu göstərməyə çalışmasıdır:
“Nikol Paşinyanın 2024-cü ilin noyabrında səsləndirdiyi “strateji razılaşma” təklifində prinsipcə yeni bir şey yox idi. Yəni, Azərbaycanın sülh sazişi üçün təklif etdiyi baza prinsiplər bir qədər fərqli formada səsləndirilmişdi. Təkliflər 1991-ci il Alma-Ata Bəyannaməsinə istinadla qarşılıqlı ərazi bütövlüyünün tanınması, sərhədlərin hüquqi və texniki delimitasiyası və tərəflərin bir-birinin daxili işlərinə müdaxilə etməməsi kimi məsələləri əhatə edirdi”.

Politoloq Paşinyanın qeyd etdiyi razılaşmadakı Alma-Ata Bəyannaməsinə hansı məqsədlə istinad etdiyini də açıqlayıb:
“Əvvəla, Alma-Ata Bəyannaməsindən başlayaq. Məlumdur ki, bu Bəyannamə postsovet respublikalarının SSRİ-dən ayrıldıqdan sonra sərhədlərinin tanınması üçün hüquqi istinad nöqtəsi kimi çıxış edirdi. Düzdür, Bəyannamə dövlətlərin konkret sərhədlərini özündə əks etdirmirdi, amma hər halda bir-birinin ərazi bütövlüyünü tanımaq baxımından vacib sənəd idi. Paşinyanın həm o zaman, həm də indi bu sənədə vurğu etməsi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü rəsmi olaraq qəbul etdiyini göstərən ən mühüm siyasi çərçivələrdən biridir”.
Həmsöhbətimiz bildirir ki, Baş nazirin 2024-cü ildə bu təklifi irəli sürməsinin məqsədi də aydındır:
“İkinci mühüm komponent sərhədlərin delimitasiyasıdır. Bu, yalnız xəritə üzərində xətt çəkmək deyil, həm də real nəzarət, təhlükəsizlik rejimi və hüquqi mexanizmlərin müəyyənləşdirilməsi deməkdir. Paşinyanın bu məsələyə prioritet verməsi Ermənistanın uzunmüddətli qeyri-müəyyənlikdən çıxmaq istədiyini göstərir.
Paşinyanın o zaman “strateji razılaşma” təklifi ilə çıxış etməsi həm də beynəlxalq legitimlik axtarışı ilə bağlı idi. Ermənistan rəhbərliyi Qərb və Rusiya arasında balanslaşdırılmış, lakin daha çox Qərbə açıq siyasət qurmağa çalışırdı. Sülh gündəliyi bu baxımdan Ermənistanın beynəlxalq imicini münaqişə tərəfi kimi deyil, “sülh təşəbbüskarı” kimi təqdim etmək məqsədi daşıyırdı”.
“Ümumiyyətlə isə hazırda Ermənistanda seçki ili olduğu üçün verilən bütün mesajlar faktiki olaraq təbliğata xidmət edir. Paşinyan demək istəyir ki, o və komandası Ermənistanı daimi müharibə riskindən çıxarmağa və ölkəni iqtisadi-siyasi sabitlik trayektoriyasına yönəltməyə çalışır. Uzun illər davam edən münaqişə Ermənistanın inkişaf potensialını ciddi şəkildə məhdudlaşdırıb və Paşinyan bunu dəyişmək istəyir.
Paşinyan yaxşı anlayır ki, cəmiyyət uzunmüddətli müharibə və qeyri-müəyyənlikdən yorulub. Ona görə də real və qalıcı sülhün vacibliyini təbliğ etməklə həm siyasi legitimliyini qorumağa, həm də daxildə tərəfdarlarının mövqelərini gücləndirməyə çalışır. Bununla paralel olaraq öz rəqiblərini sülh istəməyən tərəf kimi təqdim etməklə seçiciləri ya sülh, ya müharibə dilemması qarşısında qoymağa cəhd edir”, – deyə R.Bayramov əlavə edib.
Gülbəniz Səfərova






