Ermənistan da Azərbaycana tranzit yolunu açdı - Paşinyandan mühüm addım
“Ermənistan Azərbaycana yük tranzit məhdudiyyətlərini aradan qaldırır”.
Patrulaz.az “Sputnik Armenian”a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin maliyyə, kredit və büdcə məsələləri komitəsində 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Paşinyan bildirib ki, bu qərar Azərbaycan Prezidenti İlham Əliyevin Bakının Ermənistana yük tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırması ilə bağlı addımına cavab olaraq qəbul olunub.
“Bu, Ermənistana qarşı blokadanın aradan qaldırılmasında ilk mərhələdir. Lakin qarşılıqlı addımlar atmaq vacibdir. Bu gündən etibarən yük maşınlarının Marqara–Yeqnadzor–Sisian–Qoris yolu ilə Türkiyədən Azərbaycana və əks istiqamətdə tranziti təmin etməyə hazırıq”, – Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, İrəvan hələlik bu marşrutla məhdudlaşacaq, çünki yollar və keçid məntəqələri, o cümlədən Kornidzordakı keçid məntəqəsi, adekvat standartlara cavab verir.
Xatırladaq ki, oktyabrın 21-də Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə birgə mətbuata açıqlamasında Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bildirib. Dövlət başçısı ilk belə tranzit yükün Qazaxıstan taxılının Ermənistana daşınması olduğunu qeyd edib və Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin başladığını elan edib.
Ermənistan hökuməti isə bu qərarı alqışlayaraq, müsbət addım kimi qiymətləndirib.






