"Pəhləvinin çağırışları İranda rejimi devirməyə şərait yaratmayacaq, çünki xalq onun atasının zülmlərini unutmayıb" - ŞƏRH
Fevralın sonlarında ABŞ və İsrailin İrana birgə hücumları təkcə ölkənin hərbi vəziyyətinə və xarici əlaqələrinə deyil, daxili sabitliyinə də təsir göstərdi.
Xüsusilə ki, fevralın 28-də İranın ali dini lideri Ayətullah Əli Xamenei Tehranda öz malikanəsinə endirilən zərbələr nəticəsində öldürülməsi hakimiyyətdə müəyyən çətinliklərin yaşanmasına səbəb oldu.
Həmin vaxtlar Xameneidən sonra onun yerinə 4 namizəd irəli sürüldü. Bu namizədlər arasında İranın sonuncu şahının oğlu Rza Pəhləvinin də adı çəkildi. Lakin Xameneinin yerinə onun varisi, ikinci oğlu Müctəba Xamenei 9 mart 2026-cı il tarixində İranın yeni ali lideri seçilərək hakimiyyətə gətirildi.
Xatırladaq ki, həmin vaxt ABŞ Prezidenti Donald Tramp Rza Pəhləvinin yaxşı insan olduğunu, lakin onun hakimiyyətə gəlməsini məsləhət görmədiyini bildirmişdi. Namizədlərin seçilməsi dövründə və hazırda da İranda rejimin devrilməsi üçün fars xalqına çağırış edən Rza Pəhləvi son müsahibəsində “Son çağırış vaxtında veriləcək və fürsət yaranacaq” ifadəsini işlədib. Onun sözlərinə görə, rejim insanlara illərdir zülm edir və onları öldürür. O, buna görə də rejimə qarşı hərəkatın davam etdirilməsinə çağırıb:
“Hamımızın gördüyümüz kimi, bu rejim xalqı əzməkdən çəkinmir, yüz minlərlə insanı öldürməyə hazırdır və buna baxmayaraq hakimiyyətdə qalmağa çalışır. Buna görə də hərəkat ağıllı şəkildə davam etməlidir”.
Bəs uzun illərdir xaricdə yaşayan Rza şahın bu çağırışı İran xalqını yenidən ayağa qaldıra bilərmi?
Bu barədə politoloq Rəşad Bayramov Patrul.az-a fikirlərini bölüşüb. Onun sözlərinə görə, vaxtilə atası Məhəmmədrza Pəhləvinin həyata keçirdiyi siyasət səbəbindən xalqın böyük hissəsi onun çağırışlarına ciddi yanaşmaya bilər:
“İranın sonuncu şahının oğlu Rza Pəhləvi tərəfindən edilən çağırışlar ölkədə mümkün yeni etiraz dalğası kontekstində müəyyən dərəcədə mobilizasiya xarakteri daşısa da, bu cür bəyanatların genişmiqyaslı etirazlara səbəb olacağı ehtimalı məhduddur. Belə ki, İranda son illərdə müşahidə olunan sosial-siyasi dinamika göstərir ki, etirazların əsas hərəkətverici qüvvəsi daha çox daxili amillərlə bağlıdır. Yəni iqtisadi çətinliklər, inflyasiya, işsizlik, siyasi azadlıqların məhdudlaşdırılması və dövlətin sərt təhlükəsizlik siyasəti cəmiyyətdə narazılığı artıran başlıca faktorlardır. Bu baxımdan, etirazların başlanması və ya yenidən alovlanması daha çox bu struktur problemlərin kəskinləşməsi ilə əlaqəlidir. Xaricdən edilən çağırışlar isə yalnız motivasiyaedici rol oynaya bilər”.

Özünü lider kimi təqdim etməyə çalışan Rza Pəhləvi barədə politoloq bildirir ki, o, cəmiyyət daxilində geniş dəstəyə malik deyil:
“Digər vacib faktor Rza Pəhləvinin təsir imkanları ilə bağlıdır. Pəhləvi müəyyən tarixi-siyasi irsin daşıyıcısı olaraq əsasən diaspor arasında müəyyən dəstəyə malikdir. Onun İranda təsiri yalnız müəyyən bir təbəqəni əhatə edir. O, ölkə daxilində, xüsusilə qeyri-farslar və müxalif qüvvələr tərəfindən lider kimi qəbul olunmur. İranda çoxluq hələ də şah rejiminin, Pəhləvi hakimiyyətinin acı xatirələrini unutmayıb. Bu sülalə İrandakı digər xalqlarla yanaşı minlərlə Azərbaycan türkünün qətlinə səbəb olub. Bütün bunlar onun çağırışlarının ümumxalq səviyyəsində vahid reaksiya doğurmasını çətinləşdirir. Bundan əlavə, ölkə daxilində güclü təhlükəsizlik nəzarəti və repressiv mexanizmlər açıq etirazların təşkilini riskli edir. Onun mövqeyinin formalaşmasının əsas səbəbləri tarixi və siyasi kontekstlə bağlıdır. Rza Pəhləvi 1979-cu il İran İslam İnqilabı nəticəsində hakimiyyətdən uzaqlaşdırılmış şah ailəsinin üzvüdür. Bu inqilab nəticəsində monarxiya ləğv edilmiş və İran İslam Respublikası qurulmuşdur. Bu səbəbdən o, mövcud siyasi sistemi legitim hesab etmir və alternativ idarəetmə modelinin tərəfdarı kimi çıxış edir. Rza Pəhləvinin xaricdə yaşaması isə əsasən təhlükəsizlik və siyasi məhdudiyyətlərlə izah olunur. O, inqilabdan sonra ailəsi ilə birlikdə ölkəni tərk etmiş və sonradan əsasən Qərb ölkələrində məskunlaşıb. Mövcud rejimə açıq şəkildə müxalif mövqe tutduğu üçün onun İrana qayıdışı böyük ehtimalla həbslə və ya daha ağır nəticələrlə müşayiət oluna bilər. Bu səbəbdən o, fəaliyyətini əsasən xaricdən, xüsusilə diaspor və beynəlxalq ictimaiyyət üzərindən qurur. Odur ki, Rza Pəhləvinin çağırışları müəyyən təbəqədə simvolik təsir gücünə malik olsa da, İranda genişmiqyaslı etirazların taleyi daha çox daxili sosial-iqtisadi vəziyyət, siyasi elitanın davranışı və ölkədə yaşayan milyonlarla azərbaycanlının atacağı addımlardan asılıdır”.
Gülbəniz Səfərova






